"Beşiktaş"ın "Marsel"i 4:1 hesabı ilə məğlub etdiyi qarşılaşmadan sonra baş məşqçi Vinçenzo İtalyano açıqlamalar verib.
Matc.az xəbər verir ki, italyan mütəxəssis qazanılan qələbədən və futbolçularının performansından məmnun qaldığını vurğulayıb. O, İlhan Fakılı haqqında da diqqətçəkən fikirlər səsləndirib.
Vinçenzo İtalyano matça mütləq qələbə hədəfi ilə çıxdıqlarını bildirib: "Avropa Liqasına çox yaxşı başladıq. Azarkeşlərimizin önündə qazanmağı çox istəyirdik. İlk hissənin son 10 dəqiqəsini çıxmaq şərtilə, futbolçular möhtəşəm iş gördülər. Azarkeşlərə təşəkkür edirəm. Onlara belə gözəl şou göstərə bildiyimiz üçün çox xoşbəxtik".
İtalyan baş məşqçi, oyunda növbəti dəfə qol vuran İlhan Fakılının çıxışını yüksək qiymətləndirib.
Gənc oyunçunun oyunundan razı qalan mütəxəssis bunları deyib: "İlhan Fakılı hər keçən gün inkişaf edir, onu təbrik edirəm. Ona 'bravo' deyirəm. Belə davam edərsə, gələcəkdə komandanın əsas aparıcı simasına çevrilə bilər. Hücumda çox yaxşı idi, müdafiəyə də kömək etdi. İlk gündən bəri özünü göstərməyə çalışır. Onun adına çox sevinirəm".
İtalyano "Beşiktaş" azarkeşlərinin onun adına şüarlar səsləndirməsindən duyğulandığını gizlətməyib.
Təcrübəli çalışdırıcı hisslərini bu cür bölüşüb: "Azarkeşlərin mənim adıma təzahürat etməsi məni duyğulandırır. Bunun əvəzini ödəyə bilməzsiniz, bunu pulla satın ala bilməzsiniz. Möhtəşəm bir hissdir. Əlimdən gələnin ən yaxşısını etmək istəyirəm və buna hazıram. İmkanım olsaydı, 42 min nəfər azarkeşin hər birini tək-tək qucaqlayardım. Bunu edə bilmirəm, amma ümid edirəm ki, bu ab-hava çox uzun müddət davam edəcək".
Mətbuat konfransında qarşılaşmanı təhlil edən İtalyano, ilk hissədə yaşanan qısamüddətli enişə də toxunub.
O, ilk yarıda çoxlu ötürmə səhvinə yol verdiklərini qeyd edib: "Məncə, oyuna yaxşı başladıq. İlk hissədə təxminən 10 dəqiqəlik çaşqınlıq dövrümüz oldu. Çoxlu ötürmə səhvi etdik və rəqibə kontrahücum şansları verdik. Həmin anlardakı oyundan məmnun qalmadım".
İkinci yarıda komandanın toparlandığını bildirən İtalyano, qrupu keçmək üçün daha çox xal toplamağın vacibliyini vurğulayıb: "İkinci hissəyə möhtəşəm başladıq və matçı çox yaxşı bitirdik. Hər kəs yüksək səviyyədə oynadı, mükəmməl performans nümayiş etdirdi. Bu, məni çox sevindirdi. Sonda üç xal qazandıq, lakin bu kifayət deyil. Qrupdan çıxmaq istəyiriksə, daha çox xal toplamalıyıq. Azarkeşlərimiz də bu gün möhtəşəm idilər. Bu qələbəni onlara hədiyyə etdiyimiz üçün təşəkkür etmək istəyirəm".
Komandanın hələ də inkişaf potensialının olduğunu deyən baş məşqçi, gərgin anlarda daha soyuqqanlı qərarlar verməli olduqlarını bildirib.
İtalyano futbolçuların onun oyun sistemini mənimsədiyini bildirib: "Bu komandanın inkişaf etmək üçün hələ böyük potensialı var. Məncə, bu komanda daha da irəli gedə bilər. Nəyi təkmilləşdirməliyik? İşlərin yaxşı getmədiyi anlarda topu daha çox özümüzdə saxlamalı, daha doğru qərarlar verməliyik. Hər bir futbolçumu çox sevirəm, onlar məni həqiqətən diqqətlə dinləyirlər. Futbolçularım da oynadığımız oyun üslubunu bəyənirlər, buna görə çox şadam. Ümid edirəm ki, bu gedişatımız davam edəcək, çünki bu istək və arzu bizi çox yaxşı yerlərə aparacaq. Belə davam etməliyik. Bu uğurlu dövrün uzunmüddətli olmasını arzulayıram. Bu performansın, istək və arzunun bizi daha da irəli aparacağını düşünürəm".
Orkun Kökçünün zədə riskinə baxmayaraq oynamaq istədiyini deyən İtalyano, yarımmüdafiə xəttinin oyunundan razılığını ifadə edib.
Orta sahə oyunçuları barədə danışarkən o, bunları qeyd edib: "Orkun Kökçü oynamaq istədi, problem olsaydı, meydanda olmazdı. Orkun və digər hər kəs işini layiqincə yerinə yetirdi. Bir ara 10 dəqiqə gərəksiz top itkiləri etdik, daha yaxşı variantlar olduğu halda çətin olanı yoxladıq. Rəqib daha təhlükəli gəlməyə başladı və həmin anlarda yorulduq. Səhvlərimizi düzəltməliyik, bu, olduqca sadədir! Yarımmüdafiəçilərin oyunundan məmnunam. Hər kəs işinə köklənib, əlindən gələni edir. Hələ mövsümün başlanğıcındayıq".
İtalyano oyundan çıxarılan Vaklav Çerninin durumuna da aydınlıq gətirib.
Çerninin hər hansı bir ciddi zədəsinin olmadığını düşünən italyan mütəxəssis digər oyunçu Pokuya da şans verdiyini bildirib: "Vaklav Çerninin bir sıxıntısı olduğunu düşünmürəm. Enerjiniz bitəndə dayanmaq məcburiyyətində qalırsınız. Ernest Poku da yaxşı işlər gördü, ona da 'bravo' demək istəyirəm. Səssizcə öz zamanının gəlməsini gözlədi. Hər hansı bir problem yoxdur, indi dincələcəyik. Bazar günü bizi çox, çox vacib bir oyun gözləyir".
Vinçenzo İtalyano "Beşiktaş"a gəliş prosesindən və klubun rəhbərliyinin ona təqdim etdiyi layihədən də danışıb.
Klubun gələcək hədəflərinə inandığını söyləyən baş məşqçi fikirlərini bu cür tamamlayıb: "Beşiktaş" məni ilk dəfə dəvət edəndə bu peşəyə başladığımdan bəri qazandığım uğurları burada da təkrarlamağımı istədi. Hesab edirəm ki, bu işin bəhrəsi artıq görünür. Bu meydan oxumanı qəbul etdim, çünki klubun mənə təqdim etdiyi layihəyə inandım. Vətənimdən ayrıldım və dilini bilmədiyim bir ölkəyə gəldim. Məncə, hazırda nümayiş etdirdiyimiz futbol stadionda layiq olduğu marağı görür. Ümid edirəm ki, həmişə belə davam edəcək. Hər birimiz həyəcanlı və xoşbəxtik. Bunu qazanılan nəticələr də sübut edir. Minimum səhv ilə hər zaman qalib gəlməyi hədəfləməliyik. Burada əsas məsələ oyun tərzi və kimlikdir! Müəyyən bir oyun kimliyi yaratmağa çalışırıq. Bu işdə ən böyük pay futbolçularındır və onlara təşəkkür etmək istəyirəm".













