Oktyabrın 3-də Bakı-2026 cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.
Oktyabrın 3-də Bakı-2026 cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.
Matc.az xəbər verir ki, tədbirdə Beynəlxalq Cüdo Federasiyasının (IJF), Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN), Azərbaycan Cüdo Federasiyasının (ACF), eləcə də iştirakçı ölkələrin milli federasiyalarının nümayəndələri iştirak ediblər.
Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışı olan dünya çempionatında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq.
IJF-in baş katibi Liza Allan beynəlxalq cüdo ailəsini Bakıda salamlamaqdan məmnunluğunu ifadə edib. O, yarışın təşkilinə görə Azərbaycan Cüdo Federasiyasına təşəkkürünü bildirib və bütün idmançılara uğurlar arzulayıb.
ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu tədbir iştirakçılarını Azərbaycan Cüdo Federasiyası adından salamlayaraq dünya çempionatına yenidən ev sahibliyi etməyin və beynəlxalq cüdo ailəsini Bakıda qarşılamağın Aərbaycan üçün böyük şərəf olduğunu bildirib.
O qeyd edib ki, Bakı dünyanın aparıcı cüdoçularını beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında bir araya gətirəcək. Rəşad Rəsullu müxtəlif ölkələrdən olan idmançıların qarşılıqlı hörmət və ədalətli mübarizə prinsipləri əsasında ən yüksək səviyyədə yarışması üçün yaradılan şəraitdən qürur duyduqlarını vurğulayıb.
ACF-in icraçı vitse-prezidenti dünya çempionatının təşkilinə göstərilən dəstəyə görə IJF-in prezidenti Marius Vizerə və Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbova, həmçinin yarışın hazırlıq və təşkilati prosesində iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Azərbaycanın ikinci dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi etdiyini vurğulayaraq tədbir iştirakçılarını Bakıda salamlayıb.
O, cüdonun Azərbaycanda ən populyar idman növlərindən birinə çevrildiyini, idmançılarımızın beynəlxalq arenada mühüm uğurlar qazandığını bildirib. Elnur Məmmədov, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin gün imzaladığı sərəncamla IJF-in prezidenti Marius Vizerin “Dostluq” ordeni ilə təltif edildiyini qeyd edib və bütün idmançılara uğurlar arzulayıb.
Daha sonra IJF-in baş idman direktoru Vladimir Barta yarış proqramı və püşkatma proseduru barədə məlumat verib.
IJF-in hakimlər üzrə baş direktoru Xuan Karlos Barkos isə hakimliklə bağlı əsas qaydaları diqqətə çatdıraraq yarış zamanı müəyyən edilmiş tələblərə riayət olunmasının vacibliyini vurğulayıb.
Ardınca püşkatma keçirilib və dünya çempionatında mübarizə aparacaq cüdoçuların turnir cədvəlindəki yolları müəyyənləşib.
Qeyd edək ki, Bakı-2026 cüdo üzrə dünya çempionatı 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək. Fərdi yarışlar 4–10 oktyabrda, qarışıq komanda yarışı isə oktyabrın 11-də baş tutacaq.













