Beşqat "Qızıl top" sahibi, portuqaliyalı hücumçu Kriştiano Ronaldo özünü tarixin ən yaxşı futbolçusu hesab etdiyini bildirib.

Matc.az xəbər verir ki, bu barədə "CNN Portugal" telekanalı məlumat yayıb.

"Mən tarixin ən yaxşısıyam, nöqtə. Söhbət vurulan qollardan gedirsə, rəqəmlər özü hər şeyi deyir. Məndən daha yaxşı olan heç kimi tanımıram. İnsanlar mənim hazırkı formamı, qollarımı lazımınca qiymətləndirmirlər. Əgər 1000 qola çatsam, bu, möhtəşəm olacaq", - deyə Ronaldo qeyd edib.

Ronaldonun 41 yaşı var. O, beşqat Çempionlar Liqasının qalibidir, Avropa çempionu və ikiqat Millətlər Liqasının qalibi olub. Milli yığmalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində qol sayına görə rekordlar ona məxsusdur.

Futbolçu 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir, karyerası ərzində hücumçu həmçinin Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real" və İtaliyanın "Yuventus" klublarında oynayıb. Ronaldonun karyerasında 980 qol var ki, onlardan 146-sı yığmanın, 834-ü isə klub səviyyəsində vurulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest