Rusiyalı biznesmen, "Çelsi"nin sabiq sahibi Roman Abramoviç "Deloitte" auditor firması və "MeritServus" korporativ xidmətlər firmasının yardımı ilə vergidən yayınmaqda şübhəli bilinir.
Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, minlərlə sənədin sızmasına əsaslanan araşdırma materiallarına görə, 2006-cı ildə "Amiscan Investments" şirkətinin aktivləri (o cümlədən Qərbi Sasseksdəki malikanə, Londondakı mənzil, Fransanın cənubundakı mülk, şəxsi təyyarələr, helikopterlər və "Pelorus" yaxtası) Britaniya Vircin adalarındakı ana şirkətə köçürülüb; sövdələşmə sənədləri isə geriyə - 2003-cü ilə tarixləndirilib. "Deloitte Cyprus" sənədləri yoxlayaraq hesabatı təsdiqləyib və nəticədə 672 milyon dollar dəyərində aktivlər hesabatdan yoxa çıxıb.
Araşdırma həmçinin "Kravin Investments" (Kipr hesablarında təxminən 2 milyard dollar) və "Electus Investments" (Abramoviçin 10 milyard dollardan çox biznes aktivi) şirkətlərini də əhatə edir. Kiprin faiz gəliri vergisindən yayınmaq üçün bu şirkətlər üçün də tarixləri dəyişdirilmiş sənədlər hazırlanıb.
Ehtimal olunur ki, hazırda Türkiyədə yaşayan Abramoviç Cersidə cinayət işi üzrə araşdırmanın fiqurantıdır - orada onun 5,4 milyard funt-sterlinq (7,1 milyard dollar) dəyərində aktivi dondurulub. Onun hüquqşünaslar komandası ittihamları rədd edərək bildirir ki, o, şirkətlərin operativ idarəetməsində iştirak etməyib və sənədlərin saxtalaşdırılmasına icazə verməyib.
"Deloitte Cyprus" qanunlara uyğun fəaliyyət göstərdiyini bəyan edib və sənədlərin qədimliyi (20 ildən çox) və əlçatmazlığı səbəbindən təfərrüatları şərh etməkdən imtina edib.
Abramoviçin "Çelsi"yə rəhbərlik etdiyi dövr (2003–2022) beş Premyer Liqa titulu və iki Çempionlar Liqası qələbəsi ilə yaddaqalan olub. Klub 2022-ci ildən sonra tətbiq edilən sanksiyalar səbəbindən satılıb.













