"Seçmə mərhələnin hər iki oyununda qələbə qazanmaq çox vacibdi". Matc.az saytının məlumatına görə, bunu "Universitatya Krayova"nın yarımmüdafiəçisi Boqdan Veteyelu deyib.

Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"lə qarşılaşan Rumıniya təmsilçisi Bakıda olduğu kimi, Krayovada da 3:2 hesablı qələbə qazanaraq, yoluna davam edib.

Yerli mətbuata açıqlama verən komandanın yeni transferi Veteyelu çətin oyunu geridə qoyduqlarını söyləyib: "Hələ oyundan əvvəl demişdim ki, ilk görüşdəki qələbəyə baxmayaraq, bizim üçün asan olmayacağına əminəm. Təəssüf ki, ağır oyun keçirdik və asan qollar buraxdıq. "Səbail"lə oyunlardan sonra çox şey öyrənməliyik. Hər iki görüşdə eyni nəticə qeydə alındı. Həftəsonu bizi daha ağır oyun gözləyir. Çünki Buxarestdə "Dinamo" ilə qarşılaşacağıq. Onlar bizdən üçqat yaxşı motivasiya olunacaqlar".

26 yaşlı futbolçu bu qələbəni son klubu "Alanyaspor" olan və bu ilin aprelində Türkiyədə baş vermiş avtoqəzada vəfat edən sabiq komanda yoldaşı Jozef Surala həsr edib: "Bu qələbəni "Sparta"da komanda yoldaşım olmuş Jozef Suralın ruhuna həsr edirəm. Həm meydanda, həm də ondan kənarda Suralı çox yaxşı başa düşürdüm. Bir həmkarımın aramızdan ayrılığı zamanı hiss etdiyim duyğular inanılmazdı. Bunun o qədər ağrılı olacağını düşünməmişdim". 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest