İyulun 22-də Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Matc.az saytının məlumatına görə, bu yarışda ölkəmizi təmsil edən "Neftçi" və "Qəbələ" həmin gün potensial rəqiblərini tanıyacaqlar.

Hər iki klubumuz III raunda adlamaq üçün ilk növbədə müvafiq olaraq "Arsenal" (Rusiya) və "Dinamo" (Gürcüstan) səddini keçməlidi. Komandalarımız bunu bacarsa, III mərhələdə səpələnməmişlərdə qərarlaşacaq. Bu da o deməkdi ki, həm "Neftçi", həm də "Qələbə" yoluna davam edəcəyi təqdirdə, növbəti mərhələdə güclülərdən biri ilə düşəcək.

Ümumiyyətlə, III raundun "Əsas yol"unda 52 komanda 26 cütlük təşkil edəcək. İştirakçılardan 13-ü artıq bəllidi. III mərhələdə mübarizəyə qoşulacaq "Sparta" (Çexiya), "Sportinq" (Portuqaliya), "Feyenoord" (Hollandiya), "Spartak" (Moskva, Rusiya), AEK (Yunanıstan), "Midtyulland" (Danimarka) və "Riyeka" (Xorvatiya) səpələnmişlər, "Austriya" (Avstriya), "Trabzonspor" (Türkiyə), "Royal Antverp" (Belçika), "Mariupol" (Ukrayna), "Tyun" (İsveçrə) və "Bney Yehuda" (İsrail) isə səpələnməmişlərdə qərarlaşacaq. "Neftçi" və "Qəbələ" ilk 7 komandadan birinin potensial rəqibi olacaq.

II mərhələnin 37 qalibi və Çempionlar Liqasının II təsnifat mərhələsinin 2 məğlubu da onlara qoşulacaq.

Püşkatmadan öncə komandalar qruplara bölünəcək və potensial rəqiblərinin sayı azalacaq. Belə ki, püşk zamanı dörd qrupda 10, bir qrupda isə 12 klub qərarlaşacaq.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest