26 Noyabr 2026, 00:31
FUTBOL
“Oyuna gözəl başladıq. İlk hissədə boşluqlar yaratmamağa çalışdıq və bunu bacardıq”. Matc.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.
UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda İspaniyanın “Barselona” klubuna 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edən mütəxəssis bildirib ki, bu qarşılaşma komandasına çox şey yaşatdı: “Həqiqətən də bu cür turnirdə iştirak etmək bizim üçün böyük təcrübədi. Oyunun tempi çox yaxşı idi. Bəlkə də istədiyimiz kimi imkanlar yarada bilmədik”.
Onun fikrincə, rəqib ikinci hissədə fərqli oyun nümayiş etdirdi: “Kaş ki, əlimizə düşən imkanlardan yararlana bilərdik. Düşünürdük ki, duran toplardan nəsə edə bilək. Düzdür, səhvlərimiz oldu. İndi bunun üzərində işləyəcəyik. Oyundan əvvəl də bildirmişdim ki, əlimizdən gələnin ən yaxşısını etməliyik və bu matçda meydanda maksimum gücümüzü ortaya qoymalıyıq. Mən meydanın kənarında, oyuna ən yaxın məsafədə dayanan şəxsəm. Onların topu necə ötürdüklərini, necə hərəkət etdiklərini və topun hansı sürətlə irəlilədiyini görürdüm. Futbolçularımın meydanda nələr yaşadığını, boşluqları bağlamaq və rəqib oyunçuları qarşılamaq üçün nə qədər güc sərf etdiklərini təsəvvür edə bilirdim”.
Baş məşqçi görüş ərzində bir neçə qol epizodları yaratdıqlarını söyləyib:
"Təbii ki, bizim də qol imkanlarımız olacaqdı. Heç bir komanda meydana məğlub olmaq niyyəti ilə çıxmır. Standart vəziyyətlərdən bir neçə qol imkanı yaratdıq. Ancaq bu, kifayət etmədi. Mövqeli hücumlar zamanı isə demək olar ki, heç nə edə bilmədik. Bununla belə, müsbət məqamlar da az deyil. Onlardan nəticə çıxara və gələcəkdə yerli çempionatın oyunlarında istifadə edə bilərik".













