Daha bir klub dağılıb. Matc.az xəbər verir ki, "Şüvəlan" klubu fəaliyyətini dayandırıb.
Bu barədə 2018-19 mövsümündə I Divizionda çıxış etmiş klub bəyanat yayıb.
Bəyanatda bildirilir ki, bundan sonra Premyer Liqada çıxış edən "Zirə"yə dəstək olunacaq: "Uzun illərdən bəri Azərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən "Şüvəlan" Futbol Klubu bir çox futbol turnirlərində ölkəmizi təmsil edərək müxtəlif mükafatlar uğrunda apardığı mübarizə və qazandığı nailiyyətlərlə Azərbaycan futboluna töhfəsini verib, habelə bir sıra yeniyetmə və peşəkar gənc futbolçuların yetişdirilməsində böyük əməyi olub. Buna baxmayaraq, son zamanlar Premyer Liqa komandaları arasında rəqabətin güclənməsi, o cümlədən, "Şüvəlan"da səmərəli idarəetmənin həyata keçirilməsi kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarıb. Bu tələbləri nəzərə alaraq, "Silk Way Holding" və klub rəhbərliyi arasında məsləhətləşmələr aparılıb. Bakıətrafı qəsəbələr üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli klubla təmsil olunmaq məqsədi ilə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan "Zirə" Futbol Klubuna dəstək olunması qərara alınıb".
Qeyd edək ki, Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktura və geniş potensiala malikdi.