Azərbaycan futbolunda rəqabət mühitinin güclənməsi, klubların inkişafı və çempionluq mübarizəsinin daha geniş miqyas alması Premyer Liqanın gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Bəs “Sabah”ın yüksəlişi və “Qarabağ”ın Avropadakı uğurları Azərbaycan futbolunda yeni mərhələnin başlanğıcı sayıla bilərmi?

Tanınmış mütəxəssis Ağasəlim Mircavadov bu barədə matc.az saytına açıqlamasında danışıb. O bildirib ki, uzunmüddətli uğurları təsadüflə əlaqələndirmək düzgün deyil. Bunun arxasında klub rəhbərliyinin fəaliyyəti, maliyyə imkanları, yaradılan şərait, məşqçi amili və düzgün qurulmuş əməkdaşlıq dayanır.

“Əgər 30 oyun keçirirsənsə, bunun təsadüf olduğunu demək olmaz. Burada klub rəhbərliyi, əməkdaşlıq, yaradılan şərait, maliyyə imkanları və məşqçi amili mühüm rol oynayır. Bunların hamısı bir-biri ilə əlaqəlidir. Uğur qazanmaq üçün bu amillər bir araya gəlməlidir” – deyə, mütəxəssis vurğulayıb.

Mircavadov “Sabah”ın oyun üslubuna da toxunub və komandanın yanaşmasını müsbət qiymətləndirib. Onun fikrincə, klubun həm daxili çempionatda, həm də beynəlxalq arenada nümayiş etdirdiyi futbol diqqətəlayiqdir.

“Uzağa getməyək, “Sabah” çempion oldu. Onlar Azərbaycanda istəklidirlər, hücuma meyillidirlər. Avropada da həmin futbolu oynamağa çalışırlar. Amma Avropa futbolu ilə bizim çempionat arasında böyük fərq var. Son oyunda Dortmund “Borussiya”sına qarşı futbolçu səviyyəsinə görə uduzdular. Bu da reallıqdı. Avropada rəqabət tamam başqadı”– deyə, Mircavadov qeyd edib.

Təcrübəli məşqçi Avropa turnirlərində Azərbaycan klublarına münasibətdə gözləntilərin də dəyişməli olduğunu düşünür. Onun sözlərinə görə, komandalarımızın beynəlxalq oyunlarına yalnız ehtiyatlı futbol və az qol prizmasından yanaşmaq düzgün deyil:

“Biz adətən belə turnirlərdə oyunlara baxanda fikirləşirik ki, az qol vurulacaq. Amma mən deyərdim ki, “Qarabağ” və “Sabah” qələbə qazanmaq üçün meydana çıxmalıdı. Əlbəttə, rəqibin səviyyəsi, komandanın imkanları nəzərə alınmalıdı. Ancaq meydana qələbə istəyi ilə çıxmaq vacibdi”.

Mircavadov Azərbaycan futbolunun əvvəlki illərindəki rəqabət mühitini də xatırladıb. O bildirib ki, təxminən 15 il əvvəl bir neçə iddialı klubun çempionluq uğrunda mübarizə aparması ümumi futbol səviyyəsinə müsbət təsir göstərirdi: “15 il əvvəl beş klub bir-birinə ciddi rəqib idi. “İnter”, “Xəzər Lənkəran”, “Bakı”, “Neftçi” və “Qarabağ” çempionluq uğrunda mübarizə aparırdılar. Bu rəqabət oyunçuların inkişafına, seçim imkanlarına və komandaların səviyyəsinin yüksəlməsinə təsir edirdi. Xarici oyunçuların iştirakı da rəqabət mühitini gücləndirirdi”.

Onun fikrincə, Azərbaycan çempionatında yalnız iki-üç komandanın əsas mübarizə aparması futbolun ümumi inkişafı baxımından arzuolunan deyil. Rəqabət genişləndikcə həm klubların səviyyəsi yüksələr, həm də çempionat daha maraqlı olar.

“Bizim çempionatda iki-üç klubun mübarizə aparması çox ağırdır. Bu il gərgin mübarizə gözləyirəm. “Sabah”, “Qarabağ”, “Zirə” və “Turan Tovuz” arasında ciddi rəqabət ola bilər. “Turan Tovuz”un da bu istiqamətdə şəraiti yaxşıdır” -  deyə, mütəxəssis vurğulayıb.

Mircavadov hesab edir ki, Azərbaycan futbolunun növbəti inkişaf mərhələsinə qədəm qoyması üçün çempionluq iddiasında olan komandaların sayı artmalıdır: “Ən azı beş klub çempionluq uğrunda mübarizə aparmalıdı. Rəqabət nə qədər güclü olsa, futbolçuların inkişafı da bir o qədər sürətlənər. Klublar bir-birini qabaqlamağa çalışar, daha yaxşı oyunçular cəlb edər, daha yaxşı şərait yaradarlar. Belə olanda, artıq heç nə təsadüf olmaz”.

Mahir AXUND

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest