"çaykur Rizəspor" heyətini yeni futbolçularla gücləndirib. Mat.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Superliqa təmsilçisi belçikalı vinger Nill De Pauv, yunanıstanlı mərkəz müdafiəçisi Dmitrios Xatzisayas və Almaniyada anadan olan türk əsilli Erdinç Karakaşı transfer edib.
Belçikanın "Sulte Varegem" klubundan transfer olunan 29 yaşlı De Pauvla 2 illik müqavilə imzalanıb. Sağ cinah oyunçusu Belçikanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas milliyə dəvət almayıb. O, əvvəllər "Lokeren" və "Genqam"da forma geyinib.
Xatzisayas PAOK-dan transfer olunub. 26 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. 2016-cı ildə "Panionios"dan PAOK-a transfer olunan müdafiəçi, son iki mövsümü icarə əsasında "Atromitos"da keçirib.
Erdinç Karakaş isə "Köln"dən transfer olunub. "Boxum" və "Şalke"nin aşağı yaş qrupları üzrə komandalarında futbolun sirrlərinə yiyələndikdən sonra, o, məhz "Köln"ə üz tutub. 21 yaşlı sol cinah müdafiəçisi "Rizəspor"la 3+1 illik müqaviləyə imza atıb.