"Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Rusiyanın "Arsenal" klubunun prezidenti Quram Adjoev açıqlama verib. Matc.az Rusiya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, Tula təmsilçisinin "Neftçi"ylə oyunları (1:0, 3:0) və məğlubiyyətin səbəbləri haqqında danışıb:
 
"Neftçi" ilə oyunlardan əvvəl Avropa təcrübəsinin və komanda işinin olmaması bizi narahat edirdi. Keçən mövsümlə müqayisədə komandanın yarısı yenilənmişdi. Klubu tərk edən futbolçuların layiqli əvəzləyicisini hələ də tapmamışıq. Əminəm ki, Tuladakı matçı "Neftçi" qazanmadı, "Arsenal" itirdi. Burdakı oyunda inamlı çıxış etmədik. Bakıdakı matçda isə rəqib oyundankənar vəziyyətdən qol vurdu, amma bunun üçün mübahisə etməyə dəyməz. Orda videotəkrar sistemi (VAR) yoxdur. Oyunun sonlarına yaxın hücumçuları meydana buraxaraq, daha böyük qüvvə ilə irəli atıldıq. Buna görə də, daha iki qol buraxdıq".
 
Klub rəhbəri bu məğlubiyyətlərə baxmayaraq, baş məşqçiyə və komandaya inandığını deyib:
 
"Oyundan əvvəl UEFA nümayəndələri ilə "Neftçi" rəsmiləri sanki yaxın qohumlar kimi danışdılar. Niyə? çünki bu klub hər il avrokuboklarda iştirak edir və bu turnirlərdə 60-dan çox matç keçirib. Biz isə cəmi iki oyun keçirdik. "Arsenal" üçün avrokuboklarda iştirak etmək böyük bir bayram idi. Qrup mərhələsində iştirak etməyə ümidlənərək hazırlaşdıq, təəssüf ki, bu, bir nəticə vermədi. Komandayla görüşdə baş məşqçiyə və köməkçilərinə dəstəyimi göstərdim. Yeni transferlərlə oynamaq, bir-birini başa düşmək üçün vaxt lazımdır və hər kəs bunu anlayır. Bir aydan bir az çox müddətdə komanda qurmaq olmaz. Artıq səhvlərimizi öyrənib, nəticə çıxarıb, irəliləyəcəyik".
 
Tulada keçirilən matçda 1:0 hesablı qələbə qazanan "Neftçi", bir həftə sonra Bakıda keçirilən oyunda rəqibini 3:0 hesabı ilə məğlub edərək, mərhələ adlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest