"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Sevilya"da hücumçu bolluğu baş məşqçi Xulen Lopeteqinin işini çətinə salıb. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis qarşıdakı oyunlarda ixtiyarındakı 5 oyunçudan növbə ilə yararlanmağı planlaşdırır.
Nolito və Munir El-Haddadinin yanına çiçarito, Luk de Yonq və Munas Dabburu alan əndəlüs təmsilçisində qarşıdakı sıx təqvimdə onların hamısına şans veriləcək. Ancaq bu mübarizədə ən az şans sonuncuda görünür. "Zalsburq"dan alınan Dabburun hətta debüt etməyən icarəyə verilməsi gözlənilirdi. Lakin İsrail millisinin üzvü son anda komandada saxlanılıb.
Lopeteqi gələn həftəsonu "Real"la keçiriləcək ağır oyunu nəzərə alaraq, Avropa Liqasının ilk turunda bəzi aparıcı futbolçularına istirahət vermək fikrindədi. Həmin qarşılaşma isə sentyabrın 19-da "Qarabağ"a qarşı olacaq. Baş məşqçi uzun yol yorğunluğunun olmaması üçün, xüsusən də, hücumda dəyişiklik edəcək. O, Bakıdakı qarşılaşmada məhz Dabbura şans verməyi planlaşdırır. Bu, 27 yaşlı forvard üçün özünü göstərmək baxımından böyük imkandı.
İsrail millisinin baş məşqçisi Andreas Hertsoq da yetirməsinə ələ düşən şanslardan maksimum yararlanmağı tapşırıb: "Munasın oynaması asan deyil. Ancaq onun keyfiyyəti yüksəkdi. Mübarizə aparmağı məsləhət görmüşəm. Mütləq ona da şans veriləcək və həmin vaxt özünü baş məşqçiyə göstərməlidi".