Mənimki sadə azarkeş və hətta deyərdim ki, tamaşaçı fikriləridi. Özü də tv-dən baxan tamaşaçı, odur ki, xahiş edirəm düşünməyin ki, "indi də başımıza voleybol şərhçisi kəsilib")))

TURAN voleybol komandasının dünənki oyununa əvvəldən axıracan baxdım. Cavan vaxtı baxdığım, (bəlkə də uşaq vaxtı deyək) Faiq Qarayevin başçılığı altında yığmamızın göstərdiyi möhtəşəm oyunlardan sonra hələ indiyə kimi ölkə voleybolundan belə ləzzət almamışdım düzü. Hətta deyərdim ki, heç baxmamışdım da, çünki baxmağa bir şey yox idi. Söhbət öz ölkəmizdən gedir a, qardaş Türkiyə yığmasının oyunlarını, əsas da çempionluq qazandıqları oyunları izləmişəm. 
 
Hələ oyuna qədər onu deyim ki, rəqib komandanın qarşılanma anının videolarını sosial şəbəkələrdən izləyəndə adama ləzzət edirdi. Qarşılanma belə idisə, gör sonrası necə olub.)) Tovuzlular növbəti dəfə yüksək qonaqpərvərlik, rəqibi belə dostyana, isti qarşılamağın nümunəsini göstərirdilər. Çox düzgün düşünülmışdü, bu cür qarşılanmadan, bu qonaqpərvərlikdən sonra qonağı udsan da xətrinə dəyməzdi. 
 
Demək ki, TURANı yönətənlər "oyuna" rəqibin Tovuz torpağına qədəm qoyduğu ilk andan başlamışdılar. Kim düşünüb, kim əziyyət çəkib həyata keçiribsə bunları, min əhsən!
 
Dünənə qədərki oyunların da haqqını vermək lazımdır, amma dünən TURANın qızları sözün həqiqi mənasında meydanda can qoydu. Hər bir xalı qazanmaq üçün, xal fərqininin nə qədər olmasından asılı olmayaraq arzu, istək və əzm görünürdü. Həm oyunçuların tək-tək mücadiləsi, həm komanda şəklində birləşə bilmələri, həm də kənardan verilən taktiki məsləhətlər, tapşırıqlar qələbəni tam haqq edirdi. Belə də oldu, ardıcıl qazanılan üç set Çempionlar Liqasının qapılarını TURANın üzünə taybatay açdı. İndi daha böyük meydan bizi gözləyir.
 
Oyuna baxarkən fikrimi başqa bir məsələ də çəkdi- bütöv azarkeş dəstəyi. Adətən belə oyunlarda TV kameraları tez-tez VİP lojaları, oradan oyunu seyr edən rəhbərləri və fəxri qonaqları göstərər. Dünənki oyunda əvvəldən axıra kimi belə bir epizod gözümə dəymədi. Anlaşılan, klub prezidenti, rəhbərlik, fəxri qonaqlar hamısı sadə tamaşaçı ilə birlikdə, yan-yana dəstək verirdi komandaya. Bunu oyun sonrası sosial şəbəkələrdən izlədiyim bəzi videolarda da aydınca görmək mümkün idi. Doğrudan da məhz belə idi: dünən oyun gedən stadionda kimliyindən asılı olmayaraq, hamı oyunu birlikdə izlədi və birlikdə də qələbəni bayram etdi. 
 
Mənimki sadə azarkeş və hətta deyərdim ki, tamaşaçı fikriləridi. Özü də tv-dən baxan tamaşaçı, odur ki, xahiş edirəm düşünməyin ki, "indi də başımıza voleybol şərhçisi kəsilib")))
 
Ümumiyyətlə TURAN adı qoyulan, TURAN adına görülən işlər gözəl işlərdir. Bir neçə ildir ki, eyni adlı futbol komandası da oyunları ilə öz adından söz etdirir. Gözəgəlimli və səviyyəli oyunları ilə seçilir. Demək ki, haradasa görünən və görünməyən bir əmək, sözün əsl mənasında uğurlu bir komanda işi var. Biz istər stadionda, istərsə də TV-də seyr etdiyimiz, görünən oyunçuların yox, həm də görünməyən, "arxa cəbhədə döyüşən" komandanın uğurudur bunlar. Bu mənada həm futbol, həm də voleybol komandalarının rəhbərliyini alqışlamaq lazımdır. O cümlədən görülən işlərdə hər bir kəsin əlindən gəldiyi qədər dəstək göstərməsi, ən azından çəkilən əziyyətin fərqində olduğumuzun hiss etdirilməsi mütləqdir. 
 
Lap açıq desək, kişilər vaxt, enerji, ən əsası da pul xərcləyir. Qədirlərini bilmək lazımdır. Lazımdır yox e, bilməliyik!
 
Bir vaxtlar stadionlardakı "QA-RA-BAĞ" sədaları öz məntiqi nəticəsini verdi. İndi "TU-RAN" zamanıdır. İnşallah tezliklə ən yüksək nəticələr əldə olunar, TURANımız dünya futbol və voleybolunda öz sözünü deyər. 
 
Yaşasın TURAN!
 
Çingiz ÖZGÜR

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest