"Bu, xüsusi oyun olacaq. Belə böyük komanda ilə qarşılaşmaq həmişə möhtəşəm duyğudu. üstəlik, rəqib ispan klubudusa, daha çox məna kəsb edir". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Miçel deyib.

İspaniyalı futbolçu Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sevilya" ilə keçiriləcək oyunöncəsi ölkəsinin mətbuatına danışıb. 34 yaşlı orta sahə oyunçusu əvvəlcə əndəlüs təmsilçisinə qarşı keçirdiyi ilk görüşləri xatırlayıb: "Sevilya"ya qarşı keçirdiyim ilk oyun yadıma düşür. Əvvəlcə "Sportinq Xixon", sonra isə "Xetafe" ilə "Ramon Sançes Pizxuan" stadionunda oynamışam. Püşkatmadan sonra komanda yoldaşlarıma həmin arenada oynamağın necə gözəl hiss olduğunu söylədim. "Sevilya"nın möhtəşəm stadionu var".

İspaniyalı futbolçu "Sevilya"nı Avropa Liqasının favoriti hesab edir: "Böyük komanda ilə qarşılaşacağıq. Bunu bilirik. Heyətində çox sayda dəyişiklik olsa da, "Sevilya"da güclü rəqabət ab-havası var. Heç kim La Liqada təsadüfən lider olmaz. Görünür, Xulen Lopeteqi komandaya fikirlərini çatdırmağı bacarıb. Aydın məsələdi ki, "Sevilya" Avropa Liqasını qazanmağa namizədlərdən biridi. Bəlkə də, ən güclüsü onlardı. Mürəkkəb duel bizi gözləyir. 90 dəqiqə ərzində konsentrasiyanı itirməməyə çalışacağıq".

"Sevilya"ya qarşı oynamağın mümkünlüyündən bəhs edən Miçel qrupdakı şanslarını da dəyərləndirib: "çempionatda keçirdiyimiz oyunların hamısında hələ ki, qələbə qazanmışıq. Klubumuz çox yaxşı təşkil olunub, hər il bir addım da irəli atırıq. Artıq neçə ildi ölkə çempionu oluruq, Avropa arenasında da inkişaf edirik. İki il əvvəl çempionlar Liqasında "çelsi"yə qarşı oyunlar istisna olmaqla, hər şey yaxşı idi. "Atletiko" ilə hər iki görüşdə bərabərə qaldıq. Məncə, onları təəccübləndirdik. "Atletiko"ya qarşı oynamaq gözəl idi. çünki belə matçlarda gözləntilər böyük olur. "Sevilya"ya qarşı da aqressiv oynamalıyıq. Onlarla başabaş oynamağın mümkünsüz olduğu söyləmək doğru olmaz. Amma bizi necə ağır sınağın gözlədiyini bilirik. Qrupdakı digər rəqiblərimizdən "Düdelanj"la üç il əvvəl seçmə mərhələdə qarşılaşmış və qalib gəlmişdik. Bu yay isə APOEL-lə gücümüzü sınamaq imkanımız oldu. Kiprdə biz, Azərbaycanda onlar qalib gəldi. Düşünürəm ki, "Düdelanj" və APOEL-i üstələyə bilərik. Ancaq bunu meydanda sübut etməliyik".

Miçel "Sevilya"nın hazırda formada olduğunu vurğulayıb. Həmçinin onlarla oynamaq üçün ən ideal vaxt olduğunu düşünür: "Sevilya" hazırda yaxşı durumdadı. Düzdü, Bakı küləkli şəhərdi. Amma hazırda 20-25 dərəcə isti var. Bakı Avropa həyatı keçirən şəhərdi. Azərbaycan dilində yalnız bir neçə söz bilirəm: "Salam, sabahınız xeyir". Dili çox mürəkkəbdi. Buranın insanları çox nəzakətlidi. Bakıda rahat yaşayırıq".

Futbolçu oyunlardan bir gün əvvəl toplaşdıqlarını və onlar üçün ayrılmış otaqlarda qaldıqlarını bildirib: "Burda bütün oyunlara bir gün əvvəldən konsentrasiya oluruq. Bir yerə toplaşıb, öz otaqlarımıza çəkilirik. Məsələn, ötən bazar günü "Neftçi"yə qarşı keçirdiyimiz oyundan bir gün əvvəl günorta saat 2-dən diqqətimizi bu matça yönəltdik. Gec-tez buna öyrəşirsən".

Qeyd edək ki, "Qarabağ" - "Sevilya" oyunu sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest