"Lopeteqi ilə tez-tez söhbət edirəm. O, ixtiyarındakı komandadan razıdı. Baş məşqçidə uğur qazanmaq arzusunu görürəm". Matc.az saytının məlumatına görə, bunu "Sevilya"nın prezidenti Xose Kastro deyib.
Klub rəhbəri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyun üçün komanda ilə birlikdə Bakıya gəlib. AS nəşrinə danışan Kastro mövsümə uğurlu start götürdüklərini və bunun davamını gətirmək niyyətində olduqlarını bildirib: "La Liqaya möhtəşəm başlanğıc etdik. Növbəti vacib görüş üçün isə cəmi 4 gün vaxtımız var. Sensasiyalar çox yaxşıdı. ümid edirəm ki, həm çempionatda, həm də Avropa Liqasında bu xətt üzrə davam edərik. Ağır yarışlardı. Görək, may ayına qədər nələr edə biləcəyik. Keyfiyyətli və ciddi komanda hazırlamağa çalışırıq. Açığı, bu mövsüm əvvəlkilərdən daha çox həyəcanlıyam. Mövsümün əvvəli ilə bağlı hisslər müsbətdi. Optimistik və bunu azarkeşlərimizə də aşılamağa çalışırıq. Rəqiblərə hörmətlə yanaşırıq. çünki hörmət olmadan qələbə qazanmaq mümkün deyil".
Xose Kastro "Qarabağ"a hörmətlə yanaşdıqlarını da əlavə edib: "Avropa Liqasında yeni mövsümə start veririk. Bu turnirin "pentakampeon"u olaraq mümkün qədər çox irəliləmək istəyirik. Avropa Liqasını vacib turnir sayıram. çünki burda "Mançester Yunayted", "Portu", "Arsenal", "Roma" var. "Real"la həftəsonu keçirəcəyimiz çempionat oyunu fikrimizdə yoxdu. "Qarabağ", "Qarabağ" və "Qarabağ"dan başqa heç nəyi düşünmürük. "Real"la görüş bir neçə gün sonra olsa da, bu hələ uzaqdı. Nəzərə alaq ki, "Qarabağ" ölkə çempionatının lideridi və iki il əvvəl "Atletiko"nu çempionlar Liqasından kənarlaşdıran komandadı. Buna görə də rəqibə dəyər verməliyik. Amma digər tərəfdən uzun marafonlar və üç gündən bir oyunlar bizi gözləyir. Yəqin ki, baş məşqçimiz də bunu nəzərə alaraq, tez-tez heyətdə rotasiyalar edəcək".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" matçı saat 20:55-də başlayacaq.