"Uyğunlaşma dönəmim çox asan keçir, bu günə qədər işlərim yaxşı gedir. Uzun illərdi burda çıxış edən həmyerlilərim Miçel və Dani Kintana mənə kömək edir, işlərimi asanlaşdırırlar". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Xayme Romero deyib.

Yay fasiləsində "Kordoba"dan "Qarabağ"a transfer olunan ispaniyalı vinger "Marca"ya müsahibə verib. 29 yaşlı oyunçu Ağdam klubunun onunla çoxdan maraqlandığını söyləyib: "Hələ bir neçə il əvvəldən "Qarabağ"ın baş məşqçisi gəlməyimi istəmişdi, amma həmin vaxt mümkün deyildi. Bu il yenidən əlaqə saxladılar və sərfəli təklif etdilər. 3 illik müqavilə təklifi və avrokuboklarda çıxış etmək bu mənada əlavə stimul oldu. özümü fiziki cəhətdən də çox yaxşı hiss edirəm. Hamı ilə münasibətim yaxşıdı. Burda hər cür şərait var. Bu qaydada davam etmək üçün də üzərimdə çox çalışıram".

Romero "Qarabağ"dakı şəraitdən və futbolçulara olan münasibətdən ağızdolusu danışıb: "Qarabağ" fantastik şəraiti olan, futbolçuya hər şeyi təmin edən klubdu. Altı ildi avrokuboklarda iştirak etməsi təsadüfi deyil. çünki klub rəhbərindən son işçisinə qədər hamı çox yaxşı çalışır. Burdakı şərait, şərtlər La Liqanın yaxşı bir klubu səviyyəsindədi. Yalnız bizim üçün otel, istirahət edə biləcəyimiz otaq və mükəmməl sahə var. Baş məşqçi Qurban Qurbanov isə çox çalışan, futbolun hər yönünü bilən mütəxəssisdi. Uzun müddətdi klubun "sükanı arxası"ndadı. O, burda hər şeyi dəyişdi, çempionluqlar qazandı, Avropaya gəldi".

Romero komandasının Avropa Liqasında yer aldığı qrupdakı şanslarını da dəyərləndirib. Həmçinin "Sevilya" ilə bu gün keçiriləcək matça toxunan ispaniyalı məqsədlərinin 3 xal olduğunu vurğulayıb: "Bu qrupdan çıxmaq potensialımız var və bunu bacaracağımızı düşünürəm. Açığı, bu mövsüm "Sevilya"nın oyununu çox izləyə bilməmişəm. Amma La Liqanın lideri olduqlarını, futbolçularının səviyyəsini bilirəm. Əla komandadı, Avropa Liqasını qazanmağa real favoritlərdəndi. Amma biz də yaxşı komandayıq. üstəlik, evdə oynadığımız üçün həmişə olduğu kimi, yenə qələbə qazanmağa çalışacağıq. "Sevilya"nı məğlub etmək iddiamız olmasaydı, oyuna çıxmazdıq. Qələbə barədə düşünmürsünüzsə, niyə oynayırsınız? Rəqib nə qədər güclü olsa da, öz oyun fəlsəfəmizə sadiq qalacağıq. Topa sahib olmağı sevən və meydanda daim hərəkətdə olan kollektivik. Həmişə olduğu kimi, təhlükə yaratmaq üçün topa sahib olmağa, yaxşı müdafiə olunmağa və kollektiv şəkildə mübarizə aparmağa çalışacağıq".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Qarabağ" - "Sevilya" görüşü saat 20:55-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest