"Komandada motivasiya yüksək səviyyədədi. Turnirə uğurlu start götürmək istəyirik". Matc.az saytının məlumatına görə, bunu "Sevilya"nın idman direktoru Monçi deyib.

Klub rəsmisi İspaniya mətbuatına açıqlamasında Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la bu gün keçiriləcək oyunu dəyərləndirib. O, "Roma"da çalışdığı zaman "Qarabağ"a qarşı çempionlar Liqasının qrupunda keçirdikləri görüşləri yada salıb: "Roma"da olarkən Bakıda 2:1 hesablı qələbə qazanmışdıq. Romadakı matçda isə 1:0 hesabı qeydə alınmışdı. "Qarabağ" hər iki görüşdə bizə əziyyət verdi. Tanınmayan bir çempionatda iştirak edə bilərlər. Amma futbolçularını təhlil etsəniz, sizə həyatı necə çətinləşdirdiklərini görərsiniz. Əlbəttə, "Sevilya" daha güclüdü, amma bu heç nə demək deyil".

Monçi futbolçuların arxayınlaşmamasının vacibliyini vurğulayıb: "Qrupdakı gələcək vəziyyət üçün uğurlu başlanğıc çox önəmlidi. Böyük klublar arxayınlaşdıqda və kiçik komandalar yaxşı motivasiya olunduqda güclər bərabərləşir. Arxayınlaşmamağa, son oyunlardakı performansı davam etdirməyə ümid edirik. Bakıda təəccübləndirməməyə çalışacağıq".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" oyunu saat 20:55-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest