"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan Lüksemburqun "Düdelanj" klubunun məşqçisi Bertrand Krasson səfərdə APOEL-i 4:3 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Matc.az xəbər verir ki, 47 yaşlı mütəxəssis, karyerasının ən gözəl gününü yaşadığını bildirib: "Böyük oyun keçirdik. Hesabda geri düşdükdən sonra ruhdan düşmədik. Futbolçularımın hamısı məni təəccübləndirdi. Hesab 2:3 olduqdan sonra lap inanılmaz oldular. Belə bir rəqibə dörd qol vurmaq hər şeyi deyir. çox xoşbəxtik".
O, qrupdakı şanslarını dəyərləndirib: "Oyundan oyuna görəcəyik. Bu zəfər bizə çox yardım edəcək. Bu axşam karyeramın ən gözəl anlarından biridi. Hər andan yararlanmalıyıq. Kağız üzərində favorit göstərilmirik, üzərimizdə basqı azdı. Rahat oynayırıq".
Krasson əlavə edib ki, Avropa Liqasının qrup mərhələsi hər bir futbolçuya hədiyyədi: "Qrupda qalib gələn ilk Lüksemburq komandası olduq. "Sevilya", "Qarabağ" və APOEL çempionatlarında hökmranlıq edən klublardı. Bu komandalara hörmətlə yanaşırıq, ancaq məğlubiyyəti qəbul etmirik. Hamıya "silahlarımız"la cavab verəcəyik".
Qeyd edək ki, qrup mərhələsinin II turunda "Qarabağ" "Düdelanj"la səfərdə qarşılaşacaq.