"Son turda "Viktoriya" üzərində 7:0 hesablı yerinə düşdü. Biz çox çətin dövrdəyik. Buna görə də yeddi qollu qələbə çox faydalı oldu". Matc.az xəbər verir ki, bunu Lüksemburqun "Düdelanj" klubunun futbolçusu Mikael Qaros deyib.

Fransalı yarımmüdafiəçi Avropa Liqasının "Qarabağ"la bu gün keçiriləcək matçı ərəfəsində fikirlərini açıqlayıb: "Qarabağ"la qarşılaşma tam başqa olacaq. Komandamız üçün son turdakı 7 qol vacib idi. Həmin qələbənin "Qarabağ"la oyuna bağlılığı yoxdur. Sadəcə bu nəticə komandada yüksək əhval-ruhiyyə yaradıb. Son matçlarda göstərdiyimiz məhsuldarlıq bizə arxayınlaşmağa əsas vermir. Onlar tarixdə qaldı. İndi digər qarşılaşmaları düşünməliyik. Matçlara tam köklənmək, məşqdə səylə çalışmaq lazımdı".

Qaros "Qarabağ" haqda məlumatının azlığını qeyd edib: "Rəqib barədə bilgim məhduddu. "Qarabağ"la oyunda ehtiyatlı olmalı, arxayınlaşmamalıyıq. Bu, Avropa Liqasının qrup mərhələsidi. "Qarabağ" da çox güclü rəqibdi, amma bizim itiriləsi heç nəyimiz yoxdu. Rəqiblərə yuxarıdan aşağı da baxmırıq. Balanslaşmış komandamız da var".

Müdafiəçi Avropa Liqasının komanda üçün ikinci dərəcəli olduğunu vurğulayıb: "Bizim üçün ölkə çempionatı daha prioritetdi. Təbii ki, Avropa Liqası da çox yaxşıdı. Amma unutmayaq ki, qrup mərhələsində olmağımız çempionatdakı uğur sayəsində mümkün olub. Əgər mövsümün sonunda ilk üç və ya dörd yerdən birini tutmasaq, Avropa Liqasında yaşadığımız bu hissləri gələn il görməyəcəyik. Hər qələbə sevinc bəxş edir. Bilmək olmaz, bəlkə "Qarabağ"la görüşdə də yenə bu sevinci yaşayacağıq". 

Qeyd edək ki, Lüksemburqda "Josi Bartel" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest