Azərbaycan millisinin keçmiş məşqçisi, futbol mütəxəssis Elxan Abdullayevin matç.az saytına müsahibəsi

- Avropa Liqasındakı təmsilçimiz "Qarabağ" qrup mərhələsinin II turu çərçivəsində bu gün "Düdelanj"ın qonağı olacaq. Oyundan nə gözləyirsiniz?

- Şəxsən mən yalnız qələbə gözləyirəm. Yaxşı oyundan başqa 3 xal da lazımdı. "Qarabağ" "Düdelanj"ı Lüksemburqda məğlub edəcək gücdədi. Düzdü, Lüksemburq klubu ilk turda səfərdə APOEL-ə qalib gəlib. Amma bu o demək deyil ki, "Qarabağ"a qarşı belə güclü oynaya bilərlər. Mənə elə gəlir ki, "Düdelanj" "Qarabağ"ın özünəməxsus oyun stili qarşısında aciz qalacaq, dözə bilməyəcək.

- Püşkatmadan sonra "Düdelanj" qrupun autsayderi sayılırdı. Necə düşünürsünüz, onların APOEL üzərində qələbəsi bu fikirlərdə hansısa dəyişiklik yaratmayıb?

- İş orasındadı ki, "Düdelanj" hazırda öz çempionatının da autsayderləri sırasındadı. Lüksemburq çempionatında 8-ci yerdədilər. Yəni şişirdiləsi komanda deyil. Düzdü, qrupa düşmələri özü böyük uğurdu. Amma hazırkı "Düdelanj"ın vəziyyəti çox pisdi.

- Yəni "Qarabağ"ın səfərdə mümkün heç-heçəsini uğurlu nəticə saymayacaqsınız?

- Mən heç-heçə barədə, ümumiyyətlə, düşünmürəm. Yalnız 3 xalı fikirləşirəm. Qrupdan çıxmaq üçün "Düdelanj"ı mütləq məğlub etməlisən.

- "Qarabağ"ın qrupdakı əsas rəqibi hələ də APOEL hesab olunur. Kipr klubunun ilk turda öz meydanında autsayder komandaya məğlub olması Azərbaycan çempionu üçün üstünlükdümü?

- Bunların hamısı proqnozlardı. Hər şey ola bilər. Biz bilmirik APOEL səfərdə "Düdelanj"ı məğlub edə biləcəkmi? Biz deyirik ki, "Qarabağ" mütləq qələbə qazanmalıdı. Bəlkə təmsilçimiz səfərdə xal itirəcək. APOEL-in "Sevilya"dan xal almayacağına kim zəmanət verə bilər? Onlar "Ayaks"a çətin anlar yaşatmış komandadı. İlk turdakı məğlubiyyətə baxmayaraq, APOEL-i heç də zəif saymıram.

- Qrupun aşkar favoriti şübhəsiz ki, "Sevilya"dı. İkinci yer uğrundakı mübarizədə kimi şanslı görürsünüz?

- Hər üç komandanın şansı var. Amma şəxsən mən mübarizənin APOEL-lə "Qarabağ" arasında gedəcəyini düşünürəm. "Düdelanj"ı bu yarışda görmürəm.

- "Düdelanj"ın APOEL-i səfərdə məğlub etməsi təsadüfdü?

- Təsadüf deyil. Futbolda hər cür nəticə qeydə alınır. Onların haqqına girmək olmaz. Əziyyət çəkib, qələbə qazanıblar. Amma qrupda ikinci yerin taleyinə "Qarabağ"la APOEL arasında keçiriləcək oyunlarda aydınlıq gələcək.

- çempionatımızın səviyyəsini nəzərə alsaq, "Qarabağ"dan qrup səddini aşmağı tələb etməklə çox şey istəmirik?

- Mən "Qarabağ"dan böyük bir nəticə gözləmirəm. Qrupa qədər gediblərsə, artıq onlara "təşəkkür" düşür. Əlbəttə, getdikcə rəqiblər daha da güclü olur. Bu üzdən "Qarabağ" mütləq qrupdan çıxmalıdı" fikrində deyiləm. "Sevilya" kimi komandanın Bakıya gəlməsi, insanların buna sevinməsi böyük işdi. Ancaq futbolda da hər şey ola bilər. İştahamız güclü ola bilər, amma reallığı da nəzərə almalıyıq.

- Bugünkü oyunla bağlı proqnozunuz nədi?

- Hansı hesabla olacağını bilmirəm, amma "Qarabağ"ın qələbə qazanacağına əminəm.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest