"Düdelanj" üzərində qələbədən sonra APOEL-lə matçların önəmi birə-beş artmışdı. "Qarabağ"ın növbəti mərhələyə vəsiqə taleyi artıq Kipr təmsilçisi ilə oyunlardan asılı vəziyyətə düşüb.

Azərbaycan çempionu bir addım öndə olduğundan, ən pis halda APOEL-ə hər iki qarşılaşmada heç-heçə də yetərli olardı. Bunun ilki dünən reallaşdı. Halbuki qələbə qazanmaq da olardı. Və meydanda sərgilənən oyunla "Qarabağ" 3 xalı haqq edirdi. Ancaq yenə ələ düşən şanslardan lazımınca yararlanmamaq ağdamlıların 1 xalla kifayətlənməsinə səbəb oldu - 2:2.

Görüş təmsilçimizin istədiyi məcrada başladı. APOEL-in ilk 5 dəqiqədəki pressinqini nəzərə almasaq, 26-cı dəqiqəyə qədər topa nəzarət tamamilə "Qarabağ"da idi. Doğrudu, tempi yüksəltmək mümkün olmurdu. Rəqib sıx müdafiə olunduğundan, ön xətdə fəallıq göstərmək çətinləşirdi. Ancaq qonaqlar uzun müddət top üzünə həsrət idilər.

"Qarabağ" əsas ağırlığı Silva-Almeyda-Zubir "trio"sunun yer aldığı sol cinaha qoymuşdu. Yarımmüdafiəçilərdən fərqli, braziliyalı müdafiəçi heç də ürəkaçan səviyyədə görünmürdü. Ailton nə düz-əməlli müdafiə olunur, nə də hücumlara lazımi dəstəyi verə bilirdi. Ancaq "Qarabağ"ın oyuna tam nəzarəti məntiqə uyğun şəkildə 13-cü dəqiqədə öz bəhrəsini verdi. Rəqib müdafiəsində ani çaşqınlıq futbolçularımıza boşluq yaratdı və Kintana qapıçı ilə təkbətək şansı qaçırmadı.

Qoldan sonra da ssenari dəyişmədi. APOEL ilk dəfə 26-cı dəqiqədən topu özündə saxlamağa başladı. Status-kvo üçün isə qonaqlara cəmi 3 dəqiqə bəs etdi. Standart vəziyyətdə Maksimin tərs zərbəsi tora düşdü.

"Qarabağ" artıq müdafiədən çıxmaqda çətinliklə üzləşirdi. Ailtonun silsilə səhvlərinə fasilə ərəfəsində Rəşad Sadıqov "dəstək verincə" tribunalar səssizliyə qərq oldu. Kapitanın hədiyyəsini Hallenius əfv edə bilməzdi və "Qarabağ" ümumilikdə üstün oynadığı ilk hissədən sonra fasiləyə hesabda geridə yollandı.

Qurban Qurbanov ilk hissədə rəqib müdafiəçilərinin arasında itib-batan Maqaye Qeyenin əvəzinə fasilədən sonra meydana Mahir Emrelini buraxdı. Matçın axarında yenə hansısa dəyişiklik yox idi. "Qarabağ" topla irəlidə boşluqlar axtarır, APOEL isə bütünlüklə müdafiə olunurdu. Yeganə fərq Ailtonun ikinci hissədə tam fərqli şəkildə oyuna qoşulması idi. "Sambaçı" bu fəallığının mükafatını başla vurduğu bərabərlik qolu ilə aldı.

Bu qol psixoloji üstünlüyü də təmsilçimizin tərəfinə dəyişdi. Bərabərliklə kifayətlənməyən ağdamlılar üçüncü qol üçün irəli atıldı. Komandamızın amansız təzyiqi qonaqları müdafiədən çıxmağa imkan vermirdi. Kiprlilər qapının toxunulmazlığını qorumağa çalışdığından, əks-hücuma keçməyə də macal tapmırdılar. Qələbə topu üçün imkanlar da düşdü. Ancaq şanslar əldən çıxınca "Qarabağ" 1 xalla kifayətlənməli oldu. Beləliklə, APOEL bir avtoqol və müdafiədə buraxılan bir kobud səhv nəticəsində Bakıdan layiq olmadığı 1 xalla ayrıldı.

Qrup ikinciliyi uğrunda əsas rəqib APOEL sayıldığından, iki həftə sonra bu komanda ilə Nikosiyadakı görüşdə də uduzmamaq vacibdi.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest