"Paltardəyişmə otağında futbolçularımın məyus olduğunu gördüm. Bu üzdən oyunçularımın mübarizəsindən məmnun qaldım, ancaq nəticədən deyil". Matc.az saytının məlumatına görə, bunu APOEL-in baş məşqçisi Tomas Doll deyib.
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Kipr çempionatının VIII turunda evdə AEK-lə qolsuz bərabərə qalıb.
Bu nəticədən məmnun qalmayan almaniyalı mütəxəsssis qol yollarındakı sıxıntıdan narahat olduğunu etiraf edib: "Oyunlara daha inamlı hazırlaşmalıyıq. Əgər qol vura bilmirsinizsə, deməli, nəsə çatmır. Rəqibin cərimə meydanı həndəvərində daha səliqəli oynamalıyıq. Uşaqlar əllərindən gələni etdilər. Bunu onların üzündə gördüm. Ancaq futbolda yalnız topu tordan keçirməklə qələbə qazana bilərsiniz. Rəqib də yaxşı müdafiə olundu. Başımızı dik tutmağımız şərtdi. çünki bir neçə gündən sonra "Qarabağ"la vacib oyunumuz olacaq. "Nea Salamina" ilə matçdan etibarən artan performansı davam etdirməliyik".
Doll "Qarabağ"la oyunda heyətdə dəyişiklik edəcəksinizmi" sualını belə cavablandırıb: "Digər oyunlarla müqayisədə AEK-lə qarşı çıxışımız pis deyildi. Fikrimcə, daha yaxşı oynadıq, müsbət görünüş var idi. "Qarabağ"a qarşı hansı heyətlə çıxacağımızı indidən deyə bilmərəm. İnsanların xoşbəxt olmadığını anlayıram. İrəliyə doğru inkişaf etməliyik. Futbolda dəqiqlik vacibdi. Məsələn, AEK-lə qarşılaşmada hamı mübarizə apardı, ancaq nəticə gəlmədi".
Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-də Nikosiyada keçiriləcək.