Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la qarşılaşacaq APOEL-in zədəlilərinin son durumuna aydınlıq gəlib. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Antonio Yakoliş artıq tam sağalıb.
Xorvatiyalı futbolçu GSP stadionunda baş tutacaq qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq. Əvəzində iki oyunçu Nikosiya klubuna kömək edə bilməyəcək. Uzun müddətdi komandadan ayrı olan argentinalı yarımmüdafiəçi Tomaş de Vinsenti yenə görüşü kənardan izləməli olacaq.
Həmçinin sloveniyalı hücumçu Roman Bezyakı da növbəti oyuna yetişdirmək mümkün olmayıb. Yəni baş məşqçi Tomas Doll 30 yaşlı forvardın xidmətindən məhrum olacaq.
Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL - "Qarabağ" matçı Bakı vaxtı ilə 21:55-də start götürəcək.