Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edəcək APOEL qarşılaşmanın hazırlıqlarını davam etdirir. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, komandada cəmi 1 zədəli oyunçu var.
Bu da baş məşqçi Tomas Dolla oyun zamanı geniş seçim imkanı verir. Həmkarlarımız "Qarabağ"la qarşılaşmanın almaniyalı mütəxəssis üçün son ola biləcəyini də istisna etmir. "Təzyiq həftəsi" başlığı ilə dərc edilən yazıda uğursuz nəticənin baş məşqçi dəyişikliyinə səbəb olacağı vurğulanıb: "Doll və APOEL üçün ağır həftə olacaq. Almaniyalı baş məşqçi nəticənin ürəkaçan olmayacağı təqdirdə onu nələrin gözlədiyini yaxşı bilir".
APOEL Azərbaycan çempionuna məğlub olarsa, növbəti mərhələ şansını itirəcək. Bu isə onsuz da, çalışdırıcı ilə yola getməyən klub prezidenti Prodromos Petridesə onu qovmaq üçün əla səbəb olacaq.
Qeyd edək ki, sabah "GSP Arena"da keçiriləcək APOEL - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə 21:55-də başlayacaq.