"APOEL hələ də istədiyimiz oyunu göstərmir. Ancaq çox yaxşı heyətə malikdi. İnanıram ki, sabahdan etibarən hər şey dəyişəcək və yeni başlanğıc olacaq". Matc.az saytının məlumatına görə, bunu APOEL-in əfsanəvi futbolçusu Andreas Stilianu deyib.
77 yaşlı veteran hücumçu Kipr mətbuatına açıqlamasında sevimli komandasının Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirəcəyi oyuna münasibət bildirib. Stilianu hətta görüşlə bağlı proqnoz da verib: "APOEL-in "Qarabağ"ı məğlub edəcəyinə inanıram. Asan oyun olmayacaq, çünki futbolda asan oyun yoxdu. Əgər öz oyununu sərgiləsən, qalib gələrsən. İnanıram ki, komandamız qələbə üçün hər şeyini ortaya qoyacaq və bunu bacaracaq. Mənim proqnozum odu ki, APOEL 2:0 hesablı qələbə qazanacaq".
1963-1978-ci illərdə Nikosiya klubunun formasını geyinmiş mütəxəssis azarkeşlərin son vaxtlar komandaya leqeyd münasibətinə də toxunub: "APOEL 3000 azarkeşə sahibdimi? Bu, haqsızlıqdı. Azarkeşlərimizi çox sevirik. Komandanın onlara ehtiyacı var və düşünürəm ki, stadiona qayıtmaq barədə qərar verməlidilər. Təbii ki, hər yerdə klubun adını ləkələyən adamlar var. Amma APOEL sevərlər başa düşməlidilər ki, həlledici mərhələdə onlara çox ehtiyac var. Bu komanda Avropa Liqasının qrupuna düşdü. Başqa nə istəyirik? Biz "Barselona" və "Real" deyilik ki, daha böyüyünü istəyək".
Futbolçu karyerası ərzində yalnız APOEL-in formasını geyinmiş Andreas Stilianu klubdaxili problem barədə də danışıb. Onun fikrincə, baş məşqçi Tomas Dolla yerli köməkçi lazımdı: "Doll baş məşqçi postuna gəldikdən dərhal sonra "Qarabağ"a qalib gəldilər və komanda avrokuboklarda qrup mərhələsinə adladı. Məşqçi ilk vaxtlar yaxşı olduğunu göstərdi. Ancaq daha sonra klubdaxili mübahisələr yarandı. Hacilukasın köməkçi-məşqçi vəzifəsinə gətiriləcəyini eşitdim. Hesab edirəm ki, komandaya bir kiprli məşqçi lazımdı. Hacilukas bu yerə ən uyğun adamdı, çünki onu illərdi tanıyırıq. Onun gəlişi Dollun da xeyrinə olar".
Qeyd edək ki, sabah "GSP Arena"da keçiriləcək APOEL - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə 21:55-də başlayacaq.