Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək APOEL - "Qarabağ" oyununda sürpriz qonaqlar olacaq. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, bir neçə xarici klubun skautu qarşılaşmanı "GSP Arena"nın tribunalarından izləyəcək.

Xüsusən də, Yunanıstan təmsilçilərinin öz nümayəndələrini Nikosiyaya göndərdiyi vurğulanıb. Digər klublardan fərqli, AEK-i oyun zamanı kimin təmsil edəcəyi də məlumdu. Afina komandasının texniki direktoru İlia İviç görüşü izləmək üçün artıq Nikosiyadadı. Onun maraq dairəsində olan əsas futbolçular APOEL-in müdafiəçiləri Nikolas Yoannu və Praxitelis Vourosdu. Klub rəhbərliyi, xüsusən də, yunanıstanlı Vouros üçün artıq danışığa başlamağa hazırdı.

Məlumatda qeyd olunur ki, matça gələcək xarici skautlar APOEL-in digər oyunçularının, həmçinin "Qarabağ"ın futbolçularının çıxışına göz gəzdirəcək.

Qeyd edək ki, "GSP Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə 21:55-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest