"Növbəti mərhələ şanslarını qorumaq baxımından böyük qələbə oldu". Matc.az saytının məlumatına görə, bunu APOEL-in əfsanəvi futbolçusu Takis Antoniu deyib.

1972-1986-cı illərdə Nikosiya klubunun şərəfini qorumuş Antoniu Kipr mətbuatına açıqlamasında Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la keçirilən oyunu dəyərləndirib.

66 yaşlı mütəxəssis "Qarabağ"ın daha yaxşı çıxış etdiyini vurğulayıb: "Komanda çox səy göstərdikdən sonra uğurlu nəticə qazana bildi. Halbuki qarşılaşmanın əksər hissəsində "Qarabağ" daha yaxşı idi. Qapıçımız 2-3 dəfə bizi qoldan xilas etdi. Həmçinin Georgios Efrem və Nikolas Yoannunun qol epizodundakı bacarığını xüsusi vurğulamalıyam. "Qarabağ"ın hücumları zamanı isə Beleçin yaxşı çıxışı ilə yanaşı, rəqib oyunçuların uğursuz davranışları da oldu. Bəzi şeylər gizlətməməli, həqiqəti deməliyik. Komandamız düzgün müdafiə oluna bilmirdi və hücuma çıxış zamanı da istənilən səviyyədə deyildi. "Qarabağ"ın gözəl oyun sərgiləməsinə şərait yaratdıq. Rəqib dünən göründüyü qədər möhtəşəm komanda deyil. Yalnız oyunun sonlarında APOEL daha intizamlı və səbrli oynadı, dözümlü oldu".

Qeyd edək ki, 12 xalla A qrupunun lideri olan "Sevilya" 1/16 finala vəsiqəni erkən təmin edib. APOEL və "Qarabağ" 4 xalla növbəti iki pilləni bölüşürlər. Son sıradakı "Düdelanj"ın isə 3 xalı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest