"İlk vaxtlar komanda yoldaşlarımla anlaşmamız yetərincə deyildi. Bir-birimizi anlamırdıq, istədiyimiz anlaşma yox idi. Amma oyunlar keçdikcə bir-birimizi daha yaxşı başa düşürük. Bilirəm ki, mənə ümidlər çox böyükdür".

"Birinci hissədən etibarən ağıllı oynasaydıq, elə ilk hissədəcə intriqanı "öldürə" bilərdik. Amma ikinci hissədə üstünlüyü bir balaca rəqibə verdik və çox bəsit qol buraxdıq. Şükürlər olsun ki, buna yaxşı reaksiya verdik və nəticədə 3 qol vuraraq, qalib gəldik".

Matc.az saytının məlumatına görə, bunu "Sabah"ın hücumçusu Ulise Diallo Azərbaycan Premyer Liqasının XII turunda "Səbail" üzərində qazanılan 3:1 hesablı qələbədən sonra deyib. Son dəqiqələrdə vurduğu 2 qolla matçın qəhrəmanına çevrilən malili futbolçu birinci qoldan sonra sevincini məşqçi Ramin Quliyevlə birlikdə qeyd etməsini belə əsaslandırıb: "Formada olmayanda, ruh düşkünlüyü yarananda Ramin müəllim həmişə mənə dəstək verir. İlk qoldan çox ikinci topun sevincini onunla qeyd eləmək istədim. çünki bu qalibiyyət qolu idi".

Bu mövsüm 3 qola imza atan Diallo yavaş-yavaş kollektivə uyğunlaşdığını deyib: "İlk vaxtlar komanda yoldaşlarımla anlaşmamız yetərincə deyildi. Bir-birimizi anlamırdıq, istədiyimiz anlaşma yox idi. Amma oyunlar keçdikcə bir-birimizi daha yaxşı başa düşürük. Bilirəm ki, mənə ümidlər çox böyükdür. İnanıram ki, yanvardan sonrakı fasilə bizə daha çox kömək edəcək, bir-birimizi başa düşə biləcəyik. Amma əvvəlki oyunlarla müqayisə eləsək, Ekşteynlə anlaşmamın daha yüksək səviyyədə olduğunu deyə bilərəm".

Afrikalı hücumçu komandasının qeyri-stabil çıxışına da münasibət bildirib: "Futbolda sona qədər oynamaq lazımdır, arxayınlaşmaq heç cür olmaz. Bir turda qələbə qazanıb, digərində uduzmağımızın səbəbini mən də bilmirəm. Məsələn, "Sumqayıt"la oyunda 1:0 öndə olsaq da, ikinci hissəyə arxayın çıxdıq. Düşündük ki, qalib gələcəyik, amma belə olmadı. Bu gün də eyni şey "Səbail"də oldu. Onlar hesabı açandan sonra qalib gələcəklərini düşündülər. Amma biz son dəqiqələrdə matçın taleyini dəyişdik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest