Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq "Sevilya" ciddi itki ilə üzləşib. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, əndəlüs klubunun kapitanı Xesus Navas sıradan çıxıb.
Müdafiəçi La Liqanın XIV turunda "Valyadolid"lə səfər qarşılaşmasında zədələnib. "Sevilya"nın 1:0 hesabı ilə qalib gəldiyi görüşün 89-cu dəqiqəsində sol ayaq əzələsində ağrılar hiss edən 34 yaşlı oyunçu yerini Nemanya Qudeliyə verib.
Futbolçunun durumuna bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək. Düzdü, baş məşqçi Xulen Lopeteqi vəziyyətin ciddi olmadığı qənaətindədi: "çünki oyundan sonra futbolçu ilə danışdım. Navas özünü yaxşı hiss etdiyini bildirdi. Düşünürəm ki, qorxulu bir şey yoxdu".
Buna baxmayaraq, çalışdırıcı kapitanı "Qarabağ"la matçda riskə atmaq fikrində deyil. Komanda, onsuz da, Avropa Liqasında qrup birinciliyini təmin etdiyindən, Lopeteqi "Valyadolid"lə görüşdə meydana çıxan futbolçuların çoxuna istirahət verməyi planlaşdırır.
Qeyd edək ki, "Sevilya" - "Qarabağ" oyunu noyabrın 28-də "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək.