"Sevilya" bütün mövsümü iddialı keçirəcək. Bəzi mürəkkəb anlar yarana bilər. Ancaq gördüyüm qədərilə dəqiq ideyası olan komandadı". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın vingeri Xayme Romero deyib.
İspaniyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında Avropa Liqasının qrup mərhələsinin V turunda "Sevilya" ilə keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb.
Romero rəqibin yüksək səviyyəli oyunçulara malik olduğunu vurğulayıb: "Əla kollektivdən bəhs edirik. Yüksək səviyyəli futbolçulara, geniş heyətə sahibdilər. Onlarla ilk matçı Bakıda keçirdik. Həmin vaxt bir neçə gün əvvəl La Liqada liderliyə yüksələn komandaya qarşı çıxış etdik və 0:3 hesabı ilə məğlub olduq. Sevilyada oynamaq mənim üçün xüsusi andı. Bu yaxınlarda "Kordoba"da çıxış edirdim və təbii ki, "Sevilya"nın haranı təmsil etdiyini bilirəm. ölkəmizdə oynamaq həmişə özəldi".
29 yaşlı hücumameyilli oyunçu "Qarabağ"ın hazırda formada olmadığını əlavə edib: "Mövsümün əvvəlində vəziyyətimiz daha yaxşı idi. İndi əvvəlki oyunlarımızı sərgiləyə bilmirik, çempionat matçlarında son vaxtlar çox qələbə qazanmırıq. Ancaq Sevilyaya hər şeyimizi ortaya qoymaq üçün gedirik".
Qeyd edək ki, "Sevilya" - "Qarabağ" oyunu noyabrın 28-də "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək.