"Rəqibə və özümüzə böyük hörmətlə yanaşırıq. "Qarabağ" kollektiv futbol oynayır. 3 xal qazanmaq üçün maksimum həvəslə çıxış etməliyik". Matc.az saytının məlumatına görə, bunu "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi deyib.

O, Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Qarabağ"la keçiriləcək oyunöncəsi mətbuat konfransında iştirak edib.

Təcrübəli mütəxəssis rəqibə hörmətlə yanaşdıqlarını söyləyib: "çalışacağıq heyəti kontekstə uyğun quraq. Tribunalarda bizi dəstəkləyəcək insanların  əylənməsi üçün yaxşı oyun göstərmək istəyirik. Bir, yoxsa iki hücumçu ilə meydana çıxacağımızı birlikdə görəcəyik. Əsas məsələ rəqabət aparacaq gücdə olmağımızdı. çünki rəqib bizdən bunu tələb edəcək və ambisiyamızı sınayacaq".

Lopeteqi növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmələrinə baxmayaraq, meydana 3 xal üçün çıxacaqlarını vurğulayıb: "Bu, Avropa Liqası matçıdı və qələbə istəyimiz var. Meydanda öz oyunumuzu sərgiləmək üçün kənar təsirə ehtiyacımız yoxdu. Hamı görüşə yaxşı şəkildə hazırlaşır. Komandanın yaxşı çalışması üçün vacib amillərdən biri də intensivliyi artırmaqdı. Qarşılaşmaların hamısı mürəkkəbdi. Biz hər zaman çox hücumlar etmək və yaxşı müdafiə olunmaq istəyirik".

Qeyd edək ki, "Sevilya" - "Qarabağ" qarşılaşması sabah "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest