"Seçmə mərhələdən əvvəl komandanın neçə xal toplayacağını heç kim deyə bilməz". Matc.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Assosiasiya rəsmisi İTV-də yayımlanan 3D verilişinin qonağı olub. Dadaş Dadaşlinskinin suallarını cavablandıran baş katib AVRO-2020-nin final mərhələsinə hazırlığının yüksək səviyyədə getdiyini vurğulayıb.
Elxan Məmmədov milli komandamızın 1 xal topladığı seçmə mərhələdəki çıxışına mənfi qiymət verib: "Budəfəki seçmə mərhələdəki nəticədən razı deyilik. Bu yaxınlarda məsələ ilə bağlı iclasımız baş tutacaq və baş məşqçiyə çox suallarımız olacaq. Yurçeviç bizə hesabat təqdim edəcək, ardından isə AFFA rəhbərliyi müvafiq qərar qəbul edəcək. Unutmayaq ki, son 10 ildə rekord sayda xallar da toplamışıq. Sevinirdik, ümidlərlə yaşayırdıq ki, bəlkə final mərhələsinə yaxınlaşırıq. Ola bilsin ki, futbolçu nəsli dəyişir, bununla bağlıdı. 3-4 il əvvəlki ilə müqayisədə heyətdə 80% dəyişiklik var. Millinin nəticələrindən məyus olurduq, amma utanmırdıq".
Seçmə mərhələdə Slovakiyanın 2:0 hesablı qələbə qazandığı qarşılaşmadan sonra slovakiyalı futbol mütəxəssisi Ladislav Yurkemakın "Azərbaycan kimi zəif rəqib görməmişdim, onlar futbolçu yox, turistdilər" fikrinə də Məmmədov münasibət bildirib: "Biz bu günə baxıb, gələcəyi düşünərək fəxr etməliyik. Təbii ki, bu, heç də yaxşı fikir deyil. Ancaq həmin oyunla bağlı dedikləri həqiqətdi. Yerkemak millimizin səfərdə hücum futbolu sərgiləməsini gözləyirdi. Təəssüf ki, komandamız müdafiə futbolu oynadı. Yəqin ki, slovaklar bunu gözləmirdi. çünki bizim üçün son oyun idi, itiriləsi heç nə yox idi".
Baş katib klubların sayının az olmasını iş adamları ilə əlaqələndirib: "Klubların sayının minimum 10 olmasını arzulayırıq. AFFA digər sponsorlarla birlikdə bir neçə kluba dəstək göstərir. Biz bunu etməməliyik. Klub sayı iş adamlarından asılıdı. Biz bütün şəraiti yaradırıq, stadion verməyə, hətta maliyyə dəstəyi göstərməyə hazırıq".