Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı qəbul edəcək "Arsenal" bu görüşə ciddi önəm vermir. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, "topçular" "Haddersfild"lə qarşılaşmadan sonra Premyer Liqanın növbəti turunda "Sauthempton"la keçiriləcək görüşün hazırlıqlarına başlayıb.
Avropa Liqasında qrup birinciliyini təmin edən London təmsilçisi üçün məhz Premyer Liqa oyunu daha əhəmiyyətlidi. Son vaxtlar əla formada olan Unay Emerinin yetirmələri də əsasən həftəsonu keçiriləcək matça köklənib. İspaniyalı mütəxəssis "Qarabağ"la oyunda daha çox ehtiyat qüvvəyə şans verəcək və aparıcı oyunçulara istirahət imkanı yaradacaq.
Emerini narahat edən yeganə məqam müdafiə xətti ilə bağlıdı. Xüsusən də, müdafiənin mərkəzində yalnız Şkodran Mustafi və Sokratis Papastatopulos tam hazır vəziyyətdədi. Ancaq Emeri Azərbaycan çempionu ilə görüşdə onları riskə atmaq istəmir. O, yenicə zədədən qayıdan Loran Koselni və Naço Monrealın "Qarabağ"la qarşılaşmada meydanda olacağını açıqlayıb. "3-lü" mərkəz müdafiə xəttində onların yanında Stefan Lixtştaynerin iştirakı gözlənilir.
İlin sonunda Premyer Liqadakı sıx təqvimi nəzərə alan Emeri dekabrın 13-dəki matçda digər mövqelərdə də gəncləri sınamaq fikrindədi. Bu mənada Mohamed Elneni, Eddi Nketia, Enzli Meytlend-Naylz kimi oyunçular özlərini göstərmək imkanı qazanacaqlar. Əvəzində cari mövsüm 20-dən çox oyunda iştirak edən Lukas Torreyra, Matteo Qenduzi, Pyerr-Emerik Obameyanq Premyer Liqa matçı üçün qorunacaq.
Qeyd edək ki, son tur öncəsi "Arsenal" 13 xalla qrup birinciliyini təmin edibsə, "Qarabağ" 3 xalla sonuncu pillədə qərarlaşıb.