Avropa Liqasının qrup mərhələsinin VI turunun "Arsenal" – "Qarabağ" oyununu idarə edəcək Yens Qrabski Maae ilk dəfə Azərbaycan təmsilçisinin görüşünə baş hakim kimi təyinat alıb. Matç.az saytı xəbər verir ki, Maae klubumuzun avrokubok görüşündə fit çalacaq 6-cı danimarkalı olacaq
Bunadək onun 5 həmyerlisi üst-üstə 7 matçda təmsilçilərimizin oyununda ədaləti qoruyub.
Şimal ölkəsindən klubunuzun qarşılaşmasını idarə edən ilk referi Yan Diklifsen olub. O, 1999/2000 mövsümündə "Neftçi"nin "Srvena zvezda"ya (Yuqoslaviya) 2:3 hesablı ev məğlubiyyətini qeydə alıb.
7 ildən sonra Andres Stermansen "Slaviya" (çexiya) – "Karvan" görüşünün baş hakimi olub. Təmsilçimiz səfərdən 0:0 hesablı heç-heçə ilə dönüb. 2012/13 mövsümündə Ken Hansen "Neftçi"nin Avropa Liqasının qrupunda Rusiyada "Rubin"ə uduzmasına şahid olub – 0:1.
Digər iki danimarkalı isə hərəyə 2 dəfə Azərbaycan klubunun oyununu idarə edib. Onların hər ikisinin yolu "Qarabağ"la da kəsişib.
Lars Kristofersen 2012-ci ildə "İnter"in "Asteras"la Yunanıstanda, bir il sonra "Qarabağ"ın "Metalurq"la Makedoniyadakı duelində fit çalıb. Bakılılar 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında uduzubsa, Ağdam klubu səfərdə 1 qolla qələbə qazanıb.
Yakob Kehlet isə eyni mövsümdə - 2015/16 mövsümündə həm "Qəbələ", həm "Qarabağ"ın oyununda baş hakim olub. Sonuncular "Monako" ilə səfər oyununda 0:1 hesabı ilə uduzub. "Qırmızı-qaralar" isə Yunanıstanda PAOK-dan xal alıb – 0:0.
Bir sözlə, danimarkalıların idarə etdiyi 7 oyunda təmsilçilərimiz yalnız 1 qələbə qazanıb. Digər görüşlərdən üçü heç-heçə, üçü məğlubiyyətlə nəticələnib.