Dekabrın 10-da media nümayəndələri arasında 2019-cu il mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa həsr olunmuş "İntellektual kubok" təşkil olunub. Matç.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbirdə jurnalistlərlə yanaşı futbol klubların mətbuat xidmətində çalışan əməkdaşlar da iştirak edib.

Bakı Olimpiya Stadionunda keçirilmiş "İntellektual kubok"da 13 komanda mübarizə aparıb. 3 saata yaxın davam edən yarışda iştirakçılara Avropa Liqasının tarixi, maraqlı qarşılaşmalar və tanınmış futbolçularla bağlı müxtəlif suallar ünvanlanıb.

Gərgin mübarizə şəraitində keçən "İntellektual kubok"un hər turunda püşkatma nəticəsində təsadüfi seçilmiş 2 komanda bir-birinə qarşı yarışıb. İki komanda arasında keçirilmiş müsabiqədə daha çox xal toplamış komanda həmin turda qalib elan edilib.

Turnirin sonunda İctimai televiziyanı təmsil edən eyniadlı komanda 34 xalla digər rəqiblərini qabaqlayaraq "İntellektual kubok"un qalibi olub. İkinci yeri "CBC Sport-2" komandası tutub. 3-cü pilləyə isə "Penyarol" sahib çıxıb.

Təşkilatçılar qalib komandaya dəyərli hədiyyələr təqdim ediblər.

Xatırladaq ki, 2019-cu il may ayının 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır. Tədbirlər haqqında ətraflı məlumatı və Avropa Liqası ilə bağlı xəbərləri www.finalbaku2019.com saytından əldə edə bilərsiniz.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest