Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu "Qarabağ"a qarşı keçirəcək "Arsenal"ın təxmini "11-liy"i açıqlanıb. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Unay Emeri son görüşdə ehtiyat qüvvəni meydana buraxacaq.

Heyətində bir neçə itkisi olan "topçular"da digər aparıcı futbolçular həftəsonu Premyer Liqa çərçivəsində "Sauthempton"la matç üçün qorunacaq.

"Qarabağ"la sabahkı qarşılaşmada zədədən qayıdan və oyun praktikasından əziyyət çəkən Petr çex qapını qoruyacaq. Müdafiənin mərkəzində Sokratis Papastatopulosa uzunmüddətli zədəsini sağaldan kapitan Loren Keselni tərəfdaşlıq edəcək. Digər mərkəz müdafiəçiləri zədəli olduğundan, baş məşqçi Sokratisi məcburiyyətdən meydana buraxacaq. Müdafiənin sol cinahında Enzli Meytlend-Naylz, sağında isə Karl Yenkinson yer alacaq.

4-2-3-1 sxeminə görə, müdafiənin önündəki cütlüyü Matteo Qenduzi ilə Mohamed Elneni təşkil edəcək. Onların qarşısında pleymeyker funksiyasını Co Uillok yerinə yetirəcək. Cinahlardan Aleks İvobi (sol) və Emil Smit-Rou (sağ) hücuma dəstək olacaq. Emeri hücumçu qismində Eddi Nketiaya güvənmək istəyir.

Qeyd edək ki, sabah "Emireyts" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest