"Canni De Byazi ilə yeni çalışmağa başlamışıq. Onun olduqca xoş aurası var. Xarakterli məşqçi olduğu kimi, ünsiyyətcildir, futbolçuları çox yaxşı motivasiya edə bilir. Canni De Byazi kimi bir məşqçi ilə çalışmaq, məncə, hər bir futbolçu üçün xoşdur"

UEFA Millətlər Liqasında Azərbaycan millisinin heyətində debüt edən futbolçulardan olan Rəhim Sadıxov Kipr yığmasına qarşı oyunda özünü yaxşı tərəfdən göstərməyi bacardı. Baş məşqçi Canni De Byazının güvəndiyi futbolçulardan olan Sadıxov Azərbaycan - Serbiya görüşünün proqramına müsahibəsində millimizdə oynadığı üçün fəxr etdiyini bildirir.

- Səni tanımayanlar üçün özünü qısa olaraq necə təqdim edərdin?

- Sadıxov Rəhim Fuad oğlu. 1996-cı il iyulun 18-də Rusiyanın paytaxtı Moskva şəhərində anadan olmuşam. Uşaqlığım bütünlüklə bu ölkədə keçib.

- Rusiyada doğulub boya-başa çatmısan. Azərbaycana bağlılığın barədə məlumat verərdin...

- Atam Fuad Sadıxov Bakıda anadan olub. O, Azərbaycan vətəndaşı olub, daha sonra Rusiya Federasiyasına köçüb. Anam isə Rusiya vətəndaşı olub. İki yaşım olarkən bir müddət ailəmlə Bakıda yaşamışam. Lakin yaşım az olduğundan həmin dövrü xatırlamıram. Hazırda atamın iki bacısı Azərbaycanda yaşayır. Bibilərimlə və onların övladları ilə əlaqəm var.

- İlk dəfə U-17, daha sonra isə U-19 Azərbaycan millisinin formasını geyinmisən. Azərbaycandan təklif alanda hansı hissləri keçirdin?

- 16 yaşım olanda məni Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət etdilər. Ailəmlə məsləhətləşdikdən sonra Azərbaycana gəldim və milli komandanın formasını geyinməyə başladım. Bu, mənim üçün yeni bir mərhələyə qədəm qoymaq anlamı verirdi. Əlbəttə, Azərbaycan millisinin formasını geyindiyim üçün xoş hisslər keçirdiyimi deyə bilərəm.   

- Azərbaycan milli komandasını seçməyində ailənin nə dərəcədə rolu oldu? - Təəssüf ki, valideynlərimi uzun illər öncə itirmişəm, hər ikisi dünyasını dəyişəndə çox kiçik yaşda idim. Qardaşım mənim üçün ailəm deməkdir. Azərbaycan millisindən təklif aldığım zaman qardaşım və dostlarım mənə dəstək oldular. Onların dəstəyi sayəsində buralara qədər gəlib çıxmışam.

- 2019-cu ilin sentyabrında karyeranı Azərbaycanda davam etdirirsən. Rusiyadan köçüb buraya uyğunlaşmaqda nə kimi çətinliklərin oldu?

- Karyeram ərzində yalnız Moskva klublarının formasını geyinmişdim. Azərbaycan millisindən təklif aldığım zaman istər-istəməz çox narahat idim. çünki məni qarşıda yeni ölkə, yeni mədəniyyət və yeni həyat gözləyirdi. Buna baxmayaraq, Azərbaycana olduqca tez uyğunlaşdım. "Sumqayıt"da hər kəs məni isti qarşıladı, məhz bu amil daha tez uyğunlaşmağıma səbəb oldu.

- İlk vaxtlar əsasən nə kimi çətinliklərlə qarşılaşdın?

- ünsiyyət baxımından çətinliklə üzləşsəm də, bunu artıq aradan qaldırmışam. Bu məsələdən başqa, çətinlik yaşamadım. Məni çox yaxşı qarşıladılar, ilk gündən kollektivə qaynayıb-qarışdım. Klubumuzdakı ailə ortamı daha tez uyğunlaşmağıma kömək oldu. Artıq çətin bir dövrü arxada qoyduğumuzu düşünürəm

- Bir qədər karyeran barədə danışaq. Rəhim Sadıxov potensialını tam aça bilibmi?

- Həm şəxsi həyatda, həm də idman həyatımda özümə qarşı çox tələbkaram. Hətta bacarığımın böyük hissəsini ortaya qoya bilmədiyimi düşünürəm. Bu səbəbdən üzərimdə daha çox çalışıram. Zəif cəhətlərimi aradan qaldırmaq üçün məşqlərdə əlimdən gələni edirəm. Gələcəkdə həm klubuma, həm də Azərbaycan millisinə daha çox fayda verəcəyimə ümid edirəm.

- Pandemiya siz idmançılara necə təsir göstərdi?

- Pandemiya nəinki futbolçulara, məncə, hər kəsə mənfi təsir göstərdi. Bu müddət ərzində olduqca çətin bir dövr keçdik. İki aya yaxın evdə oturmağa və məşqsiz qalmağa məcbur olduq. Yalnız evdə hazırlaşırdıq ki, bu da peşəkar idmançı üçün yetərli deyildi. Artıq çətin bir dövrü arxada qoyduğumuzu düşünürəm.

- Karantin tətbiq olması bir çox insanların psixologiyasına mənfi təsir göstərir. Futbolçular necə, psixoloji təsirə məruz qalırmı?

- Pandemiya dövrü şəxsən mənə çox pis təsir etdi. Bir futbolçunun 3-4 ay idmansız qalması çox ağır bir durumdur. Əlbəttə, bu vəziyyət insanda psixoloji çətinlik yaratmış olur.

- İlk dəfə Millətlər Liqasında Kipr yığması ilə oyunda Azərbaycan millisinin formasını geyindin. Azərbaycan milli komandasında oynamaq sənin üçün nə məna kəsb edir?

- Milliyə dəvətdən öncəki altı ay müddətində "Sumqayıt"dakı çıxışım dövründə ölkəm haqqında çox şey öyrəndim. Azərbaycan kimi ölkədə yaşamağım və ölkənin bir nömrəli komandasında çıxış etmək mənim üçün fəxrdir.

- ümumiyyətlə, millidəki debütünü, çıxışını necə qiymətləndirirsən?

- Düşünürəm ki, daha yaxşı ola bilərəm.

- Səni milli komandanın əsas üzvü saymaq olarmı?

- Bu sualı məşqçilər korpusu cavablandırsa, daha düzgün olar. Bir futbolçu olaraq məşqçilərin verdiyi tapşırıqları maksimum yerinə yetirməyə çalışıram. Əvvəldə dediyim kimi, zamanla daha yaxşı olacağıma inanıram.

- Milli komandada yeni baş məşqçi, yeni futbolçular var. Milli komandanın Millətlər Liqasındakı çıxışı necə dəyərləndirirsən?

- Mənə bu haqda nəsə danışmaq çətindir. çünki mən də bu kollektivdə yeniyəm. Nəticələrimiz istədiyimiz kimi olmasa da, bəzi oyunlarda uğurlu çıxış etdiyimizi düşünürəm. Kipr millisinə qarşı oyunu xüsusi qeyd edə bilərəm. Zamanla daha yaxşı yerlərə gələcəyimizə inanıram, bunun üçün də çox çalışırıq.

- Millətlər Liqasında rəqiblər nisbətən bizimlə eyni gücdə olan komandalar idi. Dünya çempionatının seçmə mərhələsində isə Avropanın güclü komandaları yer alıb. Millimizin qrupunu necə dəyərləndirirsən?

- Qrup mərhələsindəki bütün rəqiblərimiz çox güclü kollektivlərdir. Bizi qarşıda olduqca çətin oyunlar gözləyir. Rəqibin kimliyindən asılı olmayaraq, ilk növbədə özümüzə inanmalıyıq. Bütün qarşılaşmalara final oyunu kimi yanaşmalıyıq.

- Baş məşqçi Canni De Byazı haqda fikirlərini bölüşməyin maraqlı olardı...

- Canni De Byazi ilə yeni çalışmağa başlamışıq. Onun olduqca xoş aurası var. Xarakterli məşqçi olduğu kimi, ünsiyyətcildir, futbolçuları çox yaxşı motivasiya edə bilir. Canni De Byazi kimi bir məşqçi ilə çalışmaq, məncə, hər bir futbolçu üçün xoşdur.  

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest