Sabah Azərbaycan Premyer Liqasında XXXIII tura start veriləcək. Matc.az xəbər verir ki, tur üç günü əhatə edəcək.

Açılış oyunu Tovuz şəhər stadionunda oynanılacaq. Turun ilk matçında ev oyunlarını müvəqqəti olaraq Tovuzda keçirən “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. “Kəpəz”in hədəfi mövsümü 8-ci yerdə bitirməkdisə, “Sumqayıt”ın gümüş medalçı olmaq şansı var.

İlk günün ikinci matçında isə Azərbaycan derbisi keçiriləcək. “Neftçi”ni qəbul edəcək “Qarabağ” üçün bu görüş formal xarakter daşıyır, çünki ağdamlılar vaxtından əvvəl çempionluğu təmin ediblər. Əvəzində “ağ-qaralar”a qələbə hava-su kimi lazımdı. Gümüş medalları qazanmaq və Avropa Liqasına vəsiqə qazanmaq istəyən “Neftçi” son 3 turda qalib gələ bilməyən “Qarabağ”la matçda uğurlu nəticəyə ümid edir.

Bazar günü keçiriləcək oyunlarda isə “Zirə” “Turan Tovuz”un, “Sabah” “Araz-Naxçıvan”ın qonağı olacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” və “Sabah”a mütləq qalibiyyət lazımdı.

Tura bazar ertəsi “Səbail” - “Qəbələ” qarşılaşması ilə yekun vurulacaq. “Səbail” avrokuboklara vəsiqə qazanmaq işini çətinə salıb, “Qəbələ”nin isə mövsümü sonuncu pillədə bitirəcəyi dəqiqləşib.

Premyer Liqa

XXXIII tur

4 may (şənbə)

16:30. “Kəpəz” – “Sumqayıt”

Tovuz şəhər stadionu

19:30. “Qarabağ” – “Neftçi”

“Azersun Arena”

5 may (bazar)

16:30. “Turan Tovuz” – “Zirə”

Tovuz şəhər stadionu

19:00. “Araz-Naxçıvan” – “Sabah”

“Liv Bona Dea Arena”

6 may (bazar ertəsi)

19:00. “Səbail” – “Qəbələ”

“ASCO Arena”

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest