Futbol üzrə İspaniya La Liqasının 6-cı turunun "Malyorka" ilə oyunu "Real"ın hücumçusu Kərim Benzema üçün əlamətdar olub. Matc.az xəbər verir ki, fransalı futbolçu 6:1 hesabı ilə qalib gəldikləri bu matçda iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
 
34 yaşlı forvard 6 turdan sonra 8 qol və 7 məhsuldar ötürmə ilə bir sıra ilklərə imza atıb. Belə ki, Benzema 21-ci əsrdə vurulan qollarda ən çox pay sahibi olan futbolçuya çevrilib. Ondan öncə Lionel Messi və Kristiano Ronaldo oxşar uğurlara imza atmışdı. Messi 2011-ci ildə "Barselona"da 13 qolun vurulmasında yaxından iştirak etmişdisə, Ronaldo 2014-cü ildə "Real"da 14 qolda iştirakçı olmuşdu. Benzema isə 15 qolun vurulmasında iştirakçı olmaqla onları geridə qoyub.
 
Benzema bu görüşdə həm də La Liqadakı 200-cü qoluna imza atıb. O, İspaniya çempionatında 200 qol səddini keçən 10-cu futbolçu olub. Fransa millisinin üzvü "Real"da da azı 200 qol vurmağı bacaran 4-cü oyunçuya çevrilib. Madrid təmsilçisində daha öncə Kristiano Ronaldo (311), Raul (228) və Alfredo Di Stefano (215) 200 qol səddini aşmışdı.
 
Qeyd edək ki, "Real" La Liqada 16 xalla turnir cədvəlinə başçılıq edir. Bu komandanın cari mövsümdə vurduğu 21 qoldan 15-ində Benzema da iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest