İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente hesab edir ki, Argentina ilə dünya çempionatının final oyununda hakimlərin işi mühüm amil olacaq.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.
Bildirilir ki, təcrübəli mütəxəssis matçın idarəçiliyinə toxunaraq fikirlərini bölüşüb.
"Burada çox şey referinin işindən asılı olacaq. Hakim güzəştə getməməli, qaydalardan kənara çıxmağa və futbolda icazə verilən sərhədlərin aşılmasına imkan verməməlidir. Mən hakimlərə kor-koranə güvənirəm, eyni zamanda necə bir matç keçirməli olduğumuzu aydın dərk etdiyimizə də tam inanıram. Müəyyən vəziyyətlərdə özümüzü rahat hiss etmirik. Biz o vaxt rahat oluruq ki, söhbət futboldan – oyundan, prinsiplərimizə sadiqlikdən və təxribatlara uymamaqdan gedir.
Bu, Argentinanın belə davranacağı mənasına gəlmir. Argentina öz futbolunu oynayacaq, lakin biz yalnız özümüzə – üslubumuzu gücləndirməyə və onu təkmilləşdirməyə diqqət yetirməliyik. Məhz bunun üzərində işləyirik. Əgər ideyamıza və bizi bura qədər gətirən üslubumuza sadiq qalsaq, qələbə üçün mübarizə aparmaq şansımız daha çox olacaq. Prinsiplərimizdən və modelimizdən uzaqlaşsaq, bizə çətin olacaq", - de la Fuente bildirib.
Xatırladaq ki, İspaniya və Argentina yığmaları arasında dünya çempionatının final oyunu iyulun 19-da keçiriləcək. Qarşılaşmanı sloveniyalı Slavko Vinçiçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.













