"Qarabağ"ın avrokuboklardakı rəqibi Bolqarıstanın ÇSKA (Sofia) klubunun tarixi və cari mövsümdəki göstəriciləri diqqət çəkir.

Matc.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidməti rəqib komanda ilə bağlı maraqlı rəsmi faktları paylaşıb.

Ordu komandasının əsası 1948-ci ildə qoyulub. Sofiya təmsilçisi oyunlarını "Bolqarska Armiya" stadionunda keçirir. 78 yaşlı klub bu illər ərzində 31 dəfə Bolqarıstan çempionu, 22 dəfə ölkə kubokunun qalibi adını qazanıb.

Bolqarıstanda ÇSKA-nı "çempionların qatili" adlandırırlar. Komanda dəfələrlə Çempionlar Kubokunun son qalibini məğlub edib. 1974-cü ildə "Ayaks", 1981-ci ildə "Nottingem Forest", 1982-ci və 2005-ci illərdə "Liverpul" ÇSKA qarşısında aciz qalıb.

Həmçinin qeyd olunur ki, 18 ildir qızıl medala həsrət qalan komanda hətta B liqasında oynadığı 2015/16 mövsümündə də ölkə kubokunu başı üzərinə qaldırıb. 2020/21 mövsümündə də eyni uğura imza atan ÇSKA 2 ay əvvəl yenə həmin titulu qazanmaqla UEFA Avropa Liqasına vəsiqə əldə edib. Çempionatda isə komanda yalnız 4-cü yeri tutub.

Cari mövsümə UEFA Avropa Liqasında başlayan ÇSKA "Derri" səddini çətinliklə aşıb. Hər iki matçda qələbə qazanan bolqarıstanlılar minimal fərqə seviniblər – 2:1, 3:2.

Qeyd edək ki, "Qarabağ"la ÇSKA arasında UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu iyulun 23-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. Cavab qarşılaşması isə iyulun 30-da Sofiyadakı "Vasil Levski" Milli Stadionunda Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest