"Neftçi"nin baş məşqçisi Yuri Vernidub yeni mövsüm öncəsi hazırlıq prosesi və komandanın transfer planları barədə danışıb.
Matc.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş məşqçisi jurnalistlərə açıqlamasında deyib.
Ukraynalı mütəxəssis Konfrans Liqasındakı hədəflərini açıqlayaraq toplanışı dəyərləndirib.
"Təlim-məşq toplanışımız yaxşı keçdi. Güclü rəqiblərlə yoxlama oyununda üz-üzə gəldik. Bütün oyunçulara eyni səviyyədə yükləmələr vermişik. Hər birinə eyni sayda oyun praktikası verməyə çalışdıq. Hazırlıq prosesindən razı qaldım. Əsas toplanışı zədəsiz başa vurmaq idi. Hər şey istədiyimiz kimi davam edir. Komandada yeni oyunçular var, amma axtarışlarımız davam edir. Hansı mövqelərə ehtiyacımızın olduğunu bilirik. Bu yöndə işlər gedir, səhv etmək istəmirik. Komanda daha da güclənəcək", - Vernidub qeyd edib.
Təcrübəli mütəxəssis avrokuboklardakı məqsədlərindən danışarkən "Söz vermək başqa, ona əməl etmək tamam başqa şeydir. Əminliklə deyə bilərəm ki, Konfrans Liqasında əsas mərhələyə yüksəlməyə çalışırıq. Bu, asan olmayacaq. Püşkdən də çox şey asılıdır. Birinci rəqibi keçməli, sonra digərləri haqqında fikirləşməliyik. Bizi asan qarşılaşmalar gözləmir. Matçlarda əlimizdən gələni edəcəyik" sözlərini əlavə edib.
Qeyd edək ki, "Neftçi" UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) klubu ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilk matçını iyulun 22-də Bakıda keçirəcək. Komandalar arasında cavab görüşü isə iyulun 30-da baş tutacaq.













