Futbol üzrə Venesuela millisinin yeni baş məşqçisi bəlli olub. Matc.az xəbər verir ki, bu vəzifəyə Xose Nestor Pekerman gətirilib.
 
Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. 72 yaşlı mütəxəssislə 5 illik müqavilə imzalanıb.
 
İsrail vətəndaşlığına da malik olan argentinalı baş məşqçinin yığmanın sükanı arxasında debütü 2022-ci il yanvarın 27-nə təsadüf edəcək. Həmin tarixdə Venesuela millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Boliviya yığmasıyla qarşılaşacaq. Venesuela yığması DÇ-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 14 oyuna cəmi 7 xal toplayıb və 10 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
 
Qeyd edək ki, Pekermanın son iş yeri Kolumbiya yığması olub. O, 2018-ci ildən işsiz idi.
 
Venesuela yığmasının sonuncu baş məşqçisi Joze Pezeyro olub. Portuqaliyadan olan 61 yaşlı mütəxəssis 2020-ci ilin fevralından bu komandaya rəhbərlik edirdi. Lakin uğursuz nəticələrə görə o, bu ilin avqustunda istefaya göndərilmişdi. Həmin dövrdən Venesuela milisinə müvəqqəti olaraq Leonardo Qonsales rəhbərlik edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest