Türkiyə Super Kuboku uğrunda ötən ildən təxirə salınan oyun Bakıda keçirilə bilər. Matc.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, "Fənərbaxça" və "Beşiktaş" arasındakı qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutacaq.
 
2011-ci ildə "Fənərbaxça" Türkiyə çempionu olub, "Beşiktaş" isə ölkə kubokunu qazanıb. Ancaq həmin vaxt danışılmış oyunlarla bağlı araşdırma aparıldığı üçün Super Kubok görüşü keçirilməyib.
 
2021-ci il dekabrın 27-də "Fənərbaxça" tam bəraət alıb. Bundan 3 gün sonra klub Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edərək, həmin görüşün keçirilməsini tələb edib. "Beşiktaş" rəhbərliyi isə TFF-nin verəcəyi qərara hörmətlə yanaşacağını, lazım olarsa, meydana çıxacaqlarını bildirib. Federasiya rəhbəri Nihat özdemir bu məsələnin İdarə Heyətinin iclasında gündəmə gətirəcəyini və lehinə səs verəcəyini açıqlayıb.
 
Oyunun Bakıda keçiriləcəyinə gəlincə, TFF bu barədə Azərbaycana müraciət etməyib. Bu barədə əməkdaşımıza Azərbaycan Futbol Federasiyaları Assosiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib: "Türkiyə Futbol Federasiyasından Super Kubok oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə bizə hələlik heç bir müraciət daxil olmayıb".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest