Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" ötən gün hazırlıq mərhələsini başa vurub. Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Abdullah Zubir müsahibəsində həm klubun hazırlıq prosesini dəyərləndirib, həm də bır sıra maraqlı məqamlara toxunub.
 
- Komandanın qış hazırlıq prosesi başa çatdı. özünü və komandanı mövsümün ikinci yarısında necə görürsən?
- Bu müddət ərzində yaxşı çalışdıq. Fikrimcə, komandanı hardasa hazır saymaq olar. Getdikcə daha yaxşı olacağıq, daha yaxşı formaya düşəcəyik. çempionatın ikinci yarısında əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. 
 
- Artıq "Qarabağ"da daha iki vinger - Rüstəm Əhmədzadə və Leandro Andrade də var. Yenilərlə ünsiyyət qurmağa imkan tapmısan? Rəsmi oyunlarda olmasa da, hər ikisini məşqlərdə və sınaq matçlarında görmüsən. Yeniləri ayrı-ayrılıqda necə dəyərləndirərdin?
- Əgər onlar bu gün "Qarabağ"da çıxış edirlərsə, demək ki, keyfiyyətli futbolçulardır. Hər ikisi haqda xoş sözlər deyə bilərəm. Bacarıqlı futbolçulardır. Hansısa oyunçu "Qarabağ"a gəlib gücümüzə güc qatıb, keyfiyyətimizi artırırsa, biz buna ancaq sevinərik. Həm Rüstəm, həm Leandro keyfiyyətli futbolçulardır. Bizə çox yararlı olub kömək edəcəklər. 
 
- Qış fasiləsindən sonra "Neftçi" ilə çempionatda, "Olimpik Marsel"lə Konfrans Liqasının pley-offunda üz-üzə gələcəksiniz. çempionatın ritminə qayıtmadan belə oyunlara çıxmaq xüsusi çətinlik yaratmayacaq?
- Aydın məsələdir ki, komanda yaxşı formada olmayanda istənilən rəqibə qarşı oynamaqda çətinlik çəkir. Amma biz artıq ən yaxşı formamıza yaxınlaşırıq. Nəzərə alsaq ki, oyunlara bir neçə gün qalmışa qədər məşqlərimiz davam edəcək, bu, bizim xeyrimizə olacaq. Hazırlığımız daha da yaxşılaşacaq. Dediyim kimi, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. ümid edirəm ki, yaxşı nəticələr qazanacağıq və hər kəs məmnun qalacaq. 
 
- "Qarabağ" "Olimpik Marsel"i nəyin hesabına keçə bilər? Yəni sizin bu rəqibdən üstün olan hansısa cəhətiniz varmı? "Açar oyunçu" statusu daşıdığından azarkeşlər məhz səndən bu qarşılaşmada çox şey gözləyəcək. Onlara nə deyə bilərsən?
- "Olimpik Marsel" tarixi olan böyük komandandadır. Həm də artıq qrup yox, pley-off oyunudur. Matç fərqli ab-havada keçəcək. Oyunun statusu da başqadır. Ancaq nəzərə alaq ki, "Qarabağ" artıq neçə illərdir avrokuboklarda oynayır və yetəri qədər təcrübəsi var. Bu amil həlledici ola bilər. Hər kəs fərqindədir ki, yaxşı nəticə qazanmağın yolu hazırlıqlı olmaqdadır. Ona görə də həm futbolçular, həm məşqçilər, bütün texniki heyət var gücü ilə çalışır. O ki qaldı mənə, oyunun məsuliyyətini dərk edirəm. çalışacağam ki, həmin oyun üçün yaxşı formada olum və əlimdən gələnin ən yaxşısını edim. 
 
- Bildiyimizə görə 20 yaşına qədər Fransanın futzal üzrə millisində oynamısan. Bəs tarixi vətənin Mərakeşdən necə, səninlə maraqlanıblarmı? ümumiyyətlə, nə vaxtsa Mərakeş yığmasında çıxış etməyin xəyallarını qurmusanmı?
- "Lans"da çıxış etdiyimin son mövsümdə Mərakəş millisi üçün federasiyadan mənimlə əlaqə saxlamışdılar. O vaxt baş məşqçi Erve Renar idi (red. 2016-2019-cı illər). Renar mənə: "Səni dəvət etmək istəyirəm, nəzərimdəsən", - dedi. Sonra mən zədə aldım. Həmin müddətdə də baş məşqçi ilə danışdım və mənə dedi ki, 1 ay sonra səninlə yenə əlaqə saxlayacağam. Ancaq elə oldu ki, onu istefaya göndərdilər, mən də Azərbaycana gəldim. Ondan sonra heç kəs mənimlə əlaqə saxlamadı. 
 
Keçən il zəng gəldi və bildirdilər ki, geniş heyətdə varsan, ehtiyac olduqda səni də çağıra bilərik. Bilirəm ki, millidə əsas heyətə düşmək üçün çox böyük rəqabət var. ümumiyyətlə, yığmanın heyətinə hər dəfə dəvət alan futbolçuların sırasına düşmək çox çətindir. Başa düşürəm bunu. Amma mən mərakeşliyəm, bir gün dəvət alarsam, mənim üçün möhtəşəm hiss olacaq. Ən çox sevinənlərdən biri isə atam olacaq. Mərakeşdə yaşayan qohumlarım da çox sevinər. Ancaq bilirəm ki, çox çətindir. Mərakeş millisində rəqabət həddindən artıq güclüdür. 
 
- Azərbaycan yığması necə? Komanda yoldaşın Ozobiç aldığı təklifdən sənə də gəlsə, nə cavab verərsən?
- Az əvvəl də qeyd etdim ki, Mərakəş millisində oynamaq mənim arzumdur. Azərbaycanı çox sevirəm. Buranın mentaliteti, insanları xoşuma gəlir, özümü yaxşı hiss edirəm. Karyeramın önəmli hissəsini burada keçirmişəm. Ona görə də Azərbaycan həyatımda artıq xüsusi yer tutur. Niyə də olmasın?! Ancaq Azərbaycan millisində oynamaq üçün ölkə çempionatında 5 il oynamalısan. Məndə o limit hələ dolmayıb. Ona görə də bu haqda danışmaq üçün hələ tezdir. Ancaq dediyim kimi, niyə də olmasın?!
 
- Azərbaycan çempionatında oyun üslubu baxımından kimi özünə daha yaxın hesab edirsən?
- Oyun üslübü baxımından özümə "Neftçi"dən Sabir Buqrini daha yaxın görürdüm. Həm də oyun tərzi xoşuma gəlirdi. O da Azərbaycan çempionatından gedib. Amma başqasını deməkdə çətinlik çəkirəm. 
 
- Hər ön xətt oyunçusuna xüsusi çətinliklər yarada bilən müdafiəçilər olur. Bəs ölkə birinciliyində Zubirin üz-üzə gəlmək istəmədiyi müdafiəçi kimdir?
- Azərbaycan çempionatına kimlərsə ağız büzsələr də, bütün oyunlar çətin keçir. Bütün komandalar yaxşı müdafiə olunmağı bacarır. Ona görə heç bir komandanı asan rəqib kimi qəbul etmirik. Əgər bir nəfəri qeyd etməli olsam, heç vaxt təslim olmayan "Sabah"ın müdafiəçisi Amin Seydiyevi qeyd edərdim. İnadkardır, əl çəkmir, həmişə yerindədir. 
 
- İndiyədək "Qarabağ" formasıyla vurduğun qollar arasında hansını birinci pilləyə qoyarsan?
- Avropa Liqasının pley-off mərhələsində "Legiya" ilə oynayırdıq. Mərhələ bir oyundan ibarət idi. Bu oyun bizi qrup mərhələsinə aparırdı. Həmin matçda (3:0) vurduğum qol məni çox xoşbəxt etdi. Ona görə həmin qolu qeyd edərdim. 
 
- Bəs ən unudulmaz matç?
- Bakıda keçirilən "Arsenal"la oyunu qeyd edərdim. Olimpiya stadionunun tribunaları dolmuşdu. Sanki uşaqlıq arzum reallaşmışdı. "Arsenal" kimi kluba qarşı dolu stadionda oynamaq... Bunu ancaq uşaqlıqda arzulaya bilərdim. Mənim üçün ən unudulmaz matç həmin oyundur. 
fanat.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest