2019-dan ''Atletiko''nun şərəfini qoruyan, bu mövsümün qış fasiləsində isə ''Nyukasl''a transfer olunan Kiran Trippye İngiltərə mətbuatına açıqlamasında madridlilərin baş məşqçisi Dieqo Simeone ilə bağlı maraqlı açıqlamalar verib.
Matc.az xəbər verir ki, hazırda zədəsini sağaltmaqla məşğul olan 31 yaşlı sağ cinah müdafiəçisi bunları deyib: ''Onun komandasında oynamaq fürsətim ələ düşən kimi düşünmədən razılaşdım. Onu oyun vaxtı texniki zonada necə görürsüzsə, hər gün məşqlərdə də o cür olur. Əsil futbol dəlisidi. Eyni zamanda emosional və duyğusaldı. Bəzən elə olurdu ki, yatdığım vaxt gecə yarısı mənə zəng vurub oyadırdı. Bu, inanılmaz bir şeydi və daha öncə heç vaxt başıma gəlməmişdi.
Gecə zəng vurub meydanda nələri daha yaxşı edə biləcəyimi mənə başa salmağa çalışırdı. Mən isə həmin an yalnız yatmaq barədə düşünürdüm. Dəfələrlə oyunla bağlı mənə mesajlar yazır və ya zəng vururdu. Bu baxımdan inanılmaz məşqçidi. Həddən artıq emosionaldı. Həyatının hər anında futbol barədə düşünür. Onun başçılığı altında oynamaqla çox şey öyrəndim''.