21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Ukrayna mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, serbiyalı mütəxəssis bu ölkədə baş verən müharibə haqda fikirlərini söyləyib. 
 
"Baş verənlər ağlasığmazdır. Bunu təkcə uzun illər Ukraynada vaxt keçirdiyim üçün demirəm. Bir insan kimi baş verənlər məni incidir. Xarkovdan, Kiyevdən, Odessadan olan tanışlarımla daim əlaqə saxlayıram. Onların hər biri bu və ya digər yolla ölkələrinin müdafiəsində iştirak edir. Hamı üçün narahatam. Yuxuya gedirəm və ukraynalıları düşünərək oyanıram. Hər kəsin sağ-salamat olmasını istəyirəm" – deyə, Obradoviç bildirib. 
 
Onun sözlərinə görə, heç kim bu müharibəni istəmirdi. Bu, qan və qəmdən başqa bir şey gətirmir: "Müharibənin tezliklə bitməsini istəyirəm. Artıq bu haqda çox danışılıb. Mənfi enerji vermək istəmirəm. Bütün fikrim ukraynalıların yanındadır. İrəli, Ukrayna!
 
Hərənin öz fikri var. Mən məşqçiyəm, siyasi mövzularda danışmaq mənə yaraşmaz. Müharibənin və problemlərim aqressiv şəkildə həll edilməsinin tərəfdarı olmamışam".
 
Obradoviç yığmadakı işindən də söz açıb: "Artıq 4 ilə yaxındır ki, Azərbaycanda çalışıram. 2019-cu ilin qışından millinin 21 yaşlılardan ibarət komandasına rəhbərlik edirəm. Mənə o vaxt yerli futbolun inkişafı üçün proqram təqdim etdilər və mən də qəbul etdim. Azərbaycana gəlməklə düzgün addım atdım. 3 il ərzində 12 futbolçumuz əsas milliyə yüksəlib. Burada hər şeydən razıyam. Azərbaycanda işləmək rahat və asandır".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest