"Turan Tovuz"un ingiltərəli hücumçusu Natan Oduvanın matc.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 7-ci turunda "Sabah"a məğlubiyyəti (1:3) nə ilə əlaqələndirmək olar?
- Rəqib uzun müddət say üstünlüyü ilə oynadığından, çətin matç oldu. Bununla belə, təslim olmadıq, çünki itirəcək heç nəyimizin olmadığını bilirdik. Bundan başqa, çempionatda daha güclü komandalara qarşı oynadığınız zaman əlavə motivasiya yaranır. Həm də bizi səfər matçında dəstəkləmək üçün saatlarla yol gedən azarkeşlərimiz üçün oynayırıq.

- Şakir Seyidov 36-cı dəqiqədə qırmızı vərəqə alanda hesabda 0:2 geridə idiniz. Həmin vaxt artıq məğlubiyyətin qaçılmaz olduğunu düşünmürdünüz?
- çətin olacağını başa düşürdük, ancaq mümkünsüz olmadığını da dərk edirdik. Hər kəs komandadakı mübarizliyi gördü. çünki qarşımıza qoyduğumuz məqsədlərimiz var. Hansı vəziyyətə düşməyimizdən asılı olmayaraq, 90 dəqiqə var qüvvəmizlə mübarizə aparırıq.

- Sizin də dediyiniz kimi, uzun müddət 10 nəfərlə oynasanız da, təslim olmadınız, hətta hesab arasındakı fərqi azaltdınız. Güclü rəqibə qarşı bu qədər əzmkar oynamağın sirri nədə idi?
- "Sabah" çempionatın çox güclü komandalarından biridi. Onlar çox aqressiv şəkildə hücuma keçirlər. Şanslar yaradacağımızı bilirdik. Bu, oyunun içində qalmağımızdan və fürsətlərdən yararlanmağımızdan qaynaqlanan əminlik idi.

- İlk 6 oyunda 10 xal debütant komanda üçün yaxşı nəticə sayılır. Bəs siz özünüz bunu uğurlu başlanğıc hesab edirsiniz?
- Deyərdim ki, yaxşı başlanğıcdı. Ancaq bunu uğur hesab etməzdim. Yalnız mövsümün sonunda uğurlu olub-olmadığımızı deyə bilərəm. Ayaqlarımızı yerə sağlam vururuq, oyundan-oyun hədəf müəyyənləşdiririk.

- "Qəbələ" (0:2) və "Sabah"a (1:3) uduzub, "Sumqayıt"la (0:0) heç-heçə etmisiniz. Hansı oyundakı xal itkisinə görə daha çox məyssunuz?
- Heç bir məyusluq yoxdu. Adlarını çəkdiyiniz komandalara diqqət yetirin. Onların hər biri çempionatın güclü klublarındandı.

- Bu mövsüm 4 matçda meydanda olub, 1 qol vurmusunuz. Bu, yaxşı göstəricidi, yoxsa daha yaxşısını edə bilərdiniz?
- İnsan həmişə daha yaxşısını etməyə qadirdi. Lakin bunu özüm üçün yaxşı başlanğıc sayıram.

- Hücumda Runi Eva ilə bir-birinizi çox yaxşı başa düşürsünüz. Qısa müddətdə bu anlaşmanın səbəbi nədi?
- Düzünü desəm, buna konkret cavab vermək çətindi. Bu, sadəcə futbolun gözəl tərəfidi. Meydandan kənarda fərqli dillərdə, amma meydanda ayaqlarımızla eyni dildə danışırıq.

- "Turan Tovuz"da hücumun mərkəzində yox, ikinci hücumçu kimi oynayırsınız. Bu mövqedə özünüzü necə hiss edirsiniz?
- ölümcül bitiriciliyi olan mərkəz hücumçusu ilə müqayisədə azarkeşləri əyləndirməyi və komanda yoldaşlarını topla təmin etməyi xoşlayan yaradıcı oyunçuyam. Baş məşqçinin məni hansı mövqedə oynatmasından asılı olmayaraq, gücümün yüz faizini ortaya qoyuram.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest