Ağdam klubu indiyə qədər bir neçə dəfə yaxın olsa da, Avropa Liqasında qrupdan çıxa bilməyib. Üstəlik heç vaxt son oyunu qələbə ilə başa vurmağı bacarmamışıq.

"Qarabağ" bu gün Avropa Liqasında həlledici oyuna çıxacaq. Ağdam klubu qrup mərhələsinin sonuncu – VI turunda "Frayburq"u qəbul edəcək.
 
Almaniya təmsilçisi liderliyi təmin edib. Bu görüşün onlar üçün elə bir əhəmiyyəti yoxdur. "Qarabağ" isə növbəti mərhələyə adlamaq üçün qələbə qazanmalıdır. ümumiyyətlə, hər şey "atlılar"ın öz əlindədir.
 
Almanlar 13 xal toplayıb və son tur öncəsi əlçatmazdır. "Qarabağ" 7 xalla 2-ci, "Nant" 6 xalla 3-cüdür. "Olimpiakos" isə cəmi 2 xal yığıb və onlar üçün avrokubok macərası bu mövsümlük bitib. "Qarabağ" və "Nant" 2-cilik uğrunda mübarizə aparır. Bu qiyabi duelin qalibi Avropa Liqasının, məğlubu Konfrans Liqasının pley-offunda yarışacaq.
 
Son tur öncəsi vəziyyət "Qarabağ"ın lehinədir. İlk növbədə "atlılar" doğma meydanda, öz azarkeşləri qarşısında, "Nant" isə səfərdə oynayacaq. Həm "Frayburq", həm "Olimpiakos" üçün əhəmiyyətsiz görüşdür. Ancaq onu nəzərə almaq lazımdır ki, yunan klubu itirilmiş mövsümü təsəlli qələbəsi ilə başa vurmaqda daha istəkli olacaq. üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirən "Frayburq"un isə formal görüşdə əsas oyunçularını riskə atacağı gözlənilmir.
 
Növbəti mərhələyə çıxmaq üçün "Nant"a qələbədən başqa heç bir nəticə sərf etmir. O da öz yerində ki, heç 3 xal da kifayət olmaya bilər. "Qarabağ" uduzsa belə, Fransa klubu mütləq qələbə qazanmalıdır. Heç-heçə xalların bərabərləşməsi ilə nəticələnəcək. Bu halda isə şəxsi duellərdə daha üstün olan "Qarabağ" növbəti mərhələyə çıxacaq. Qurban Qurbanovun komandası üçün ən ideal variant digər oyuna əhəmiyyət vermədən özünün qələbə qazanmasıdır. Bunun üçün də real şans və ideal şərait var.
 
"Frayburq"a qarşı ilk oyunu (1:2) xatırlasaq, orada 20-25 dəqiqə istisna olmaqla Ağdam klubu qarşılaşmanı böyük üstünlüklə keçirmişdi. Hər halda, almanlar qələbəyə görə bəxtə də minnətdar olmalıdır. üstəlik nəzərə almaq lazımdır ki, həmin zaman "Frayburq" bu mövsüm ən yaxşı formasında idi. Almaniya təmsilçisi qrup mərhələsində ən böyük çətinliyi də məhz "Qarabağ"la görüşdə yaşayıb.
 
İndi vəziyyət fərqli və təmsilçimizin xeyrinədir. "Frayburq" mövsümün əvvəlindəki qədər qorxulu görünmür. Son zamanlar nəticələrdəki eniş də bunun göstəricisidir. Komanda "Olimpiakos"a qarşı V tur oyununda da öz meydanında qələbə qazanmağı bacarmadı. üstəlik ən əhəmiyyətli məqam axşamkı görüşün onlar üçün formal olmasıdır. Oyunöncəsi mətbuat konfransını da Almaniyada təşkil edən, dünən axşam saatlarında Bakıya çatan "Frayburq"la bağlı elə təəssürat yaranır ki, sanki əllərində olsa, bu oyun üçün Azərbaycana gəlməzdilər heç.
 
Kristian Ştrayx meydana hansı "11-liy"i buraxacağını açıqlamayıb. "Frayburq"un əsas heyət, yoxsa ehtiyat qüvvə ilə oynayacağı barədə dəqiq məlumat yoxdur. Ancaq təxmin etmək olar ki, almanlar ideal "11-lik"lə meydanda olmayacaqlar. Əsasən az şans qazanan, gənc oyunçuların oynayacağı güman olunur. Bəli, bu, ikitərəfli məsələdir. Ola bilər ki, az oynayan futbolçular özlərini sübut etmək üçün oyunun əhəmiyyətsizliyinə baxmadan ikiqat güclə oynasınlar. Digər tərəfdən isə real yanaşdıqda "Frayburq"un ehtiyat qüvvəsinin "Qarabağ"a böyük problem yaradacaq keyfiyyətdə olmadığı aydın olur.
 
Ağdam klubu indiyə qədər bir neçə dəfə yaxın olsa da, Avropa Liqasında qrupdan çıxa bilməyib. üstəlik heç vaxt son oyunu qələbə ilə başa vurmağı bacarmamışıq. Daha bir xoş olmayan məqam bəzən həlledici matçlarda komandanın özünə bənzəməməsidir. Nəhayət, heç vaxt avrokuboklarda Almaniya klublarına qalib gələ bilməmişik. Ancaq indi "Qarabağ" çox təcrübəlidir və yəqin, əksər azarkeşlər də razılaşar ki, bu komanda tarixin ən güclüsü hesab edilə bilər. "Atlılar" qrup mərhələsinə qədər olan ağır yol, "Frayburq"la ilk matç da daxil olmaqla bu mövsüm avrokubok kampaniyasındakı bütün oyunlarında rəqiblərindən daha yaxşı tərəf olub. İndi sadəcə, son nöqtəni qoymaq və klub, komanda kimi böyümək yolunda növbəti tarixi nəticəyə imza atmaq zamanıdır. futbolpress.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest