"Yaxşı kollektivimiz var və buna görə də keyfiyyətli rəqiblərlə sınaq oyunlarına ehtiyac duyuruq"

Futbol üzrə Şimali Makedoniya milli komandasının baş məşqçisi Blaqoya Milevski Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq görüşündən danışıb. Matc.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu barədə fikirlərini mətbuat konfransında bölüşüb.
 
"Azərbaycanla yanaşı, Finlandiya yığması ilə də üz-üzə gələcəyik. Bu rəqibləri təsadüfən seçməmişik. Bizi seçmə mərhələyə hazırlıq xarakteri daşıyan iki qarşılaşma gözləyir. Yığma üçün faydalı olacaq müxtəlif variantları sınayacağıq. Finlandiya super komandadır, onların son püşkatmada ikinci səbətdə olması təsadüfi deyildi. Qarşıdakı matçlar bizə istiqamət verəcək. Yaxşı kollektivimiz var və buna görə də keyfiyyətli rəqiblərlə sınaq oyunlarına ehtiyac duyuruq".
 
Qeyd edək ki, Şimali Makedoniya - Azərbaycan oyunu noyabrın 20-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest